2023-cü il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 230 minə yaxın zəng daxil olub.
Agentlikdən Fins.az-a bildirilib ki, bu müddət ərzində Çağrı mərkəzinə daxil olan müraciətlərin əksəriyyəti aşağıdakı mövzularla bağlı olub:
- Müayinə və müalicə (icbari tibbi sığortanın qarşıladığı tibbi xidmətlər, hamiləlik və doğuş xidmətləri, sığorta hesabına özəl xəstəxanalarda qarşılanan xidmətlər, pasiyentlərin tibb müəssisələri arasında köçürülməsi və s.) ilə bağlı – 109 143 müraciət
- Göndəriş vərəqəsinin verilməsi ilə bağlı – 33 120 müraciət
- Dərman və tibbi sərflə bağlı (sığorta çərçivəsində dərman təminatı, imtiyazlı əhali qrupunun dərmanla təminatı və s.) – 17 753 müraciət
İl ərzində daxil olan zənglərin 93.82%-i cavablandırılıb. 30 saniyə ərzində cavablandırılan zənglər isə 92.45% təşkil edib. Bu isə o deməkdir ki, Agentliyin Çağrı mərkəzi “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nda müəyyən olunmuş minimum hədəf faizini (müvafiq olaraq 90% və 80%) aşıb. Çağrı mərkəzinə zəng edən vətəndaşların orta gözləmə müddəti 18 saniyə olub.
Qeyd edək ki, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Sözügedən müddət ərzində rus dilində Çağrı mərkəzinə ümumilikdə 4167 zəng daxil olub.
Məlumat üçün bildirək ki, “1542” Çağrı mərkəzinə daxil olan və hansısa səbəbdən cavablandırılmayan zənglər itirilmir, onlara sonradan geri dönüş olunur. Həmçinin Agentliyin rəsmi internet səhifəsində (its.gov.az) zəng sifarişi funksiyası sayəsində vətəndaşlarla əlaqə saxlamaq mümkündür.
Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilir və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılırlar.
Məlumat üçün bildirək ki, Agentliyin Çağrı mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir.
Fuad Mədətov
Fins.az