SIĞORTA

26 Yanvar

Sığorta lisenziyalarının forması və doldurulması qaydası təsdiqləndi

“Sığorta, təkrarsığorta, sığorta agenti və sığorta brokeri fəaliyyətinə verilən lisenziyaların, habelə aktuari şəhadətnaməsinin forması və doldurulması Qaydası” təsdiq edilib.

Fins.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov imzalayıb.

Bu qayda “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq hazırlanıb və sığorta, təkrarsığorta, sığorta agenti və sığorta brokeri fəaliyyətinə verilən lisenziyaların, habelə aktuari şəhadətnaməsinin formasını və doldurulması qaydasını müəyyən edir.

Lisenziya və şəhadətnamənin forması Mərkəzi Bank tərəfindən aşağıdakı qaydada doldurulur:

Lisenziya və şəhadətnamənin verilmə tarixi və qeydiyyat nömrəsi yazılır;

Lisenziyada həyata keçirilməsinə icazə verilən fəaliyyət növünün adı qeyd olunur;

 

Lisenziyada müvafiq fəaliyyət növünün həyata keçirilməsinə icazə verilən hüquqi şəxsin adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və qeydiyyatda olduğu ünvan, şəhadətnamədə isə aktuari fəaliyyəti göstərmək səlahiyyəti təsdiq edilən fiziki şəxsin adı, soyadı, atasının adı və qeydiyyatda olduğu ünvan yazılır;

Şəhadətnamənin qüvvədə olduğu müddət (başlama və başa çatma tarixləri göstərilməklə) yazılır. Attestasiyadan keçmə günü şəhadətnamənin qüvvədə olduğu müddətin başlama tarixi, attestasiyadan keçmə günündən hesablanaraq 5 (beş) ilin tamamlandığı gün isə başa çatma tarixi kimi qeyd olunur;

Lisenziya və şəhadətnamə Mərkəzi Bankın səlahiyyətli şəxsi tərəfindən adı, soyadı və vəzifəsi yazılmaqla imzalanır və möhürlə təsdiq edilir.

Lisenziya və şəhadətnamə oğurlanması, itirilməsi, yararsız hala düşməsi və ya məhv olması halında yeniləndikdə yuxarı sağ tərəfində iri hərflərlə “DUBLİKAT” sözü yazılır.

Lisenziya və şəhadətnamənin doldurulması zamanı düzəlişlərə yol verilmir. Belə lisenziya və şəhadətnamə etibarsızdır.

Fuad Mədətov
Fins.az