Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyata keçirilmiş 455,012 milyon manat sığorta ödənişinin 384,362 milyon manatı və yaxud 84,5%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (228,205 milyon manat), “PAŞA Sığorta” (77,709 milyon manat), “Azərbaycan Sənaye Sığorta” (30,639 milyon manat), “Atəşgah Həyat Sığorta” (21,926 milyon manat) və “Xalq Sığorta” (19,883 milyon manat) ASC-lərdir.
10 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (14 min manat), “İpək Yolu Sığorta” (173 min manat), “Naxçıvan Sığorta” (837 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1,41 milyon manat) və “Xalq Həyat Sığorta” (1,813 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 4,247 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,9%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 66,403 milyon manat (14,6%) təşkil edib.
Fuad Mədətov
Fins.az