SIĞORTA

02 Noyabr

Aqrar Sığorta Fondu 2023-cü il üzrə fermerlərə sığorta ödənişlərinə başlayıb

2021-ci ildə sığorta yığımları 11,3 milyon manat, 2022-ci ildə 13,7 milyon manat təşkil edib və 2021-ci ildə 4,3 min fermer sığortalandığı halda, 2022-ci ildə 9,1 min fermer sığorta edilib.

Fins.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış aqrar sığorta mexanizmi və Aqrar Sığorta Fondunun fəaliyyəti barədə KİV-lərin maarifləndirilməsi və 9 aylıq nəticələrin açıqlanması məqsədilə keçirilən görüşdə Fondunun sədr müavini Firdovsi Ağaşirinov deyib.

Onun sözlərinə görə, ötən dövrdə Aqrar Sığorta Fondunun fəaliyyəti sürətlə genişlənib. Belə ki, 2020-ci ildə, yəni Aqrar Sığorta Fondunun fəaliyyətə başladığı ilk ildə cəmi 7 min manat sığorta haqqı toplanıb və 29 min manat ödəniş edilib.

F.Ağaşirinov qeyd edib ki, Fondun sığorta etdiyi məhsulların və təminat verilən risklərin sırası da genişlənərək, ilk başlayanda 14 bitkini sığorta etdiyi halda, hazırda 41 bitki üzrə sığorta təminatı verir.

Sədr müavini onu da bildirib ki, paralel olaraq Fondun həyata keçirdiyi sığorta ödənişləri də sürətlə artır:

“2021-ci ildə baş verən sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 1,7 milyon manat ödəniş edildiyi halda, 2022-ci ildə bu məbləğ 2,3 milyon manata yüksəlib, 2023-cü ildə isə bu rəqəm daha da artacaq. Artıq Aqrar Sığorta Fondu 2023-cü il üzrə fermerlərə sığorta ödənişlərinə başlayıb”.

Qeyd edək ki, noyabrın 2-də "1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günü" münasibətilə Aqrar Sığorta Fondu, Kənd Təsərrüfatı Nazirliyi və Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən KİV nümaynədələri və jurnalistlər üçün aqrar sığorta təlimi keçirilib.

Fuad Mədətov
Fins.az