SIĞORTA

24 Avqust

Azərbaycanda ilk dəfə Sığorta festivalı keçiriləcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə Sığorta festivalı təşkil olunacaq.

Fins.az xəbər verir ki, bu barədə festivalla əlaqədar avqustun 24-də keçirilən mətbuat konfransında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev məlumat verib.

Onun sözlərinə görə, 2021-ci ildən ölkə əhalisinin sığorta savadlılığının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində çoxşaxəli tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də avqustun 26-da start veriləcək “Sığorta Festivalı” layihəsidir.

İcraçı direktorun sözlərinə görə, festival avqustun 26–dan sentyabrın 7-dək təşkil olunacaq. Festivalın Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində başlamaqla Sumqayıt, İsmayıllı, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Gədəbəy, Şəki və Zaqatala regionlarında keçirilməsi nəzərdə tutulub. Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə “edutatement” formatında təşkil olunacaq.

Sonra festivalın təqdimatı nümayiş etdirilib. Təqdimata əsasən, maraqlı proqramlarla təşkil ediləcək festivalda əhalinin iştirakı sərbəst olacaq. Uzunmüddətli təəssürat yaratmağı vəd edən “roadshow”da həm əyləncəli, həm də məlumatlandırıcı oyunların keçirilməsi, bununla da sığorta savadlılığının artırılması hədəflənir. Hədiyyəli müsabiqələr, musiqili proqramlar, faydalı məlumatlarla əhali əsl festival ab-havası yaşayacaq.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə layihəsinin tərkib hissəsidir.

Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir. Layihə çərçivəsində müxtəlif maarifləndirici və təşviqedici video və animasiya çarxları, poster və digər materiallar hazırlanaraq geniş auditoriyaya təqdim olunacaq.