SIĞORTA

11 Avqust

"Yaşıl Kart" üzrə sığorta yığımları 6 dəfə artıb

2023–cü ilin yanvar–iyun aylarında Yaşıl Kart Sistemi çərçivəsində sığorta müqavilələrinin sayında 2.4 dəfə, sığorta haqlarında isə təqribən 6 qat artım müşahidə edilib.

Bu barədə Fins.az-a İcbari Sığorta Bürosundan bildirilib.

Belə ki, bu ilin ilk yarısında 29516 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 7 milyon 338 min 196 manat sığorta haqqı toplanıb. Ötən ilin eyni dövründə bu rəqəm müvafiq olaraq 12365 sığorta müqaviləsi üzrə 1 milyon 266 min 972 manat təşkil edib.

Artımım ən önəmli səbəbi 1 yanvar 2023-cü il tarixindən etibarən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılmasıdır. Belə ki, 2023-cü ilin ilk 6 ayı ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün təqribən 9 min sığorta müqaviləsi rəsmiləşdirilmiş və 5 milyon manata yaxın sığorta haqqı toplanıb. Həmin sığorta müqavilələrinin təqribən 7 min ədədi Qazaxıstan, 2 min ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunub. Beləliklə dövr ərzində və ilk dəfə sistem çərçivəsində Azərbaycan sığortaçıları 5 milyon manata yaxın sığorta xidmətini ixrac edib. Müvafiq dövrdə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 2 500 manat sığorta ödənişi həyata keçirilib.

Ölkə ərazisində satılan Yaşıl Kart sığorta müqavilələrinin sayı və sığorta haqlarının müqayisəsi isə onu göstərir ki, 6 aylıq nəticələrə əsasən sığorta müqavilələrinin sayında 67%, sığorta haqlarında isə 97% artım olub. 2023-cü ilin müvafiq dövründə təqribən 21 min sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 2,5 milyon manat civarında sığorta haqqı yığılıb. 2022-ci ilin ilk 6 ayı ərzində 117 yol-nəqliyyat hadisəsinə görə təqribən 290 min manat, 2023-cü ilin müvafiq dövründə isə 164 yol-nəqliyyat hadisəsinə görə 550 min manata yaxın sığorta ödənişi həyata keçirilib. 2022-ci ilin ilk 6 ayı ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2 466 manat, cari ilin ilk 6 ayı ərzində isə 3 309 manat təşkil edib. Müqayisə edilən dövr üzrə sığorta müqavilələrinin sayına nisbətdə baş verən sığorta hadisələri faiz etibarı ilə azalmasına baxmayaraq ortalama sığorta ödənişinin 34% artım müşahidə olunub. Artımın təməl səbəbi Türkiyədə baş vermiş ölüm hadisəsi və sağlamlığa dəyən zərər üzrə ümumilikdə verilmiş 100 min manat civarında sığorta ödənişidir.

2022-2023-cü illərin ilk 6 ayı ərzində əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri də ciddi fərqlilik göstərməkdədir. Belə ki, ötən ilin ilk 6 ayı ərzində toplanan sığorta haqlarının 22%-i həcmində sığorta ödənişi verilib, 2023-cü ilin müvafiq dövründə isə bu nisbət 7% təşkil edib.

2022-ci ilin ilk 6 ayı ərzində ölkə daxilində 21 Yaşıl Kart hadisəsi üzrə 42 min manata yaxın sığorta ödənişi həyata keçirilib. 2023-cü ilin müvafiq dövründə isə ölkə daxilində 29 Yaşıl Kart hadisəsi üzrə 59 min manat sığorta ödənişi həyata keçirilib. Beləliklə müqayisə edilən dövr üzrə xaricdən gəlmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdikləri yol nəqliyyat hadisələri üzrə həyata keçirilən sığorta ödənişlərdə 40% artım müşahidə edilməkdədir.

Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.