İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2023-cü ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edir.
Fins.az xəbər verir ki, cari ilin ilk 6 ayı ərzində dövlət tibb müəssisələrinə 3,3 milyon şəxs 11 milyona yaxın müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 34%-i icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 32 157 216 olub. Tibbi xidmətlərin 85 %-i ambulator, 15 %-i stasionar şəraitdə göstərilib.
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində 104 tibb müəssisəsinin olduğunu nəzərə alaraq sözügedən müddət ərzində göstərilən tibbi xidmətlərin böyük hissəsi mərkəzin payına düşür.
Daha sonra ən çox tibbi xidmət göstərən 5 dövlət tibb müəssisəsinin siyahısında Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzi və Kliniki Tibbi Mərkəz yer alır.
Ən çox müraciət edilən xəstəliklər sırasında isə ilk yerdə ümumi tibbi müayinə, tənəffüs, endokrin, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir.
Müqaviləli tibb müəssisələrində göstərilən xidmətlər
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Cari ilin yanvar-iyun aylarında vətəndaşlara 142 166 göndəriş verilib.
Bu ilin yanvar-may ayları üzrə göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 55 393 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 1 042-si uşaqlara, 54 351-i isə böyüklərə göstərilib.
Sözügedən əməliyyat və prosedurlardan:
- 18 251-ni oftalmoloji;
- 16 342-ni ürək-damar;
- 12 547-ni invaziv radiologiya xidmətləri;
- 2589-nu uroloji;
- 1727-ni neyrocərrahiyyə üzrə xidmətlər təşkil edib.
İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 7 və 1574 olmuşdur.
Qeyd edək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-iyun ayları üzrə davam edir.