SIĞORTA

26 İyul

Aqrar Sığorta Fondu sığortalanan əkin sahələri və təsərrüfatları açıqlayıb

Aqrar Sığorta Fondu 2023-cü ilin yanvar-iyun ayları ərzində sığortalanan təsərrüfatları və toplanan sığorta haqlarının həcmini açıqlayıb.

Fonddan Fins.az-a verilən məlumata görə, cari ilin ilk 6 ayı ərzində Aqrar Sığorta Fondu tərəfindən 326 min hektar əkin sahələrinin sığortalanması barədə müqavilələr imzalanıb.

Aqrar Sığorta Fondunun məlumatına görə, bu müqavilələr üzrə fermer və təsərrüfatlara 437 milyon manatlıq sığorta təminatı verilib.

Ən çox sığortalanan əkinlər – buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik və üzüm sahələri, eləcə də meyvə bağlarıdır. 

Hesabat dövründə bitkiçilik, əkin sahələrinin sığortası üzrə 11 milyon manat həcmində sığorta haqqı ödənilib.

Qanunvericiliyə əsasən, fermerlərə dövlət dəstəyi məqsədilə sığorta haqlarının 50%-i dövlət tərəfindən ödənilir. Buna uyğun olaraq  əkin sahələri üzrə sığorta haqlarının 5,5 milyon manatı fermerlər tərəfindən, digər 5,5 milyon manatı isə fermerlərə   dəstək üçün dövlət tərəfindən ödənilib.

2023-cü ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 4 506 kənd təsərrüfatı heyvanı sığortalanıb.

Sığortalanan heyvanlardan 4010-u iri buynuzlu (inək və camışlar) və 496-sı isə xırda buynuzlu (qoyunlar) heyvanlardır. Heyvan sığortaları üzrə verilmiş sığorta təminatı 20,6 milyon manat təşkil edir.

Heyvandarlıq sığortası üzrə 2,154 mln manat sığorta haqqı toplanmışdır. Bu vəsaitin yarısı, yəni 1 milyon 77 min manatı fermerlər tərəfindən, digər yarısı isə fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilib.