SIĞORTA

24 İyul

Azərbaycanda həyat sığortası 36%, qeyri-həyat sığortası isə 29% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 333,267 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 35,5% çoxdur.

Ötən 6 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 315,678 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,5% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 51,7% artaraq 128,549 milyon manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 7% artaraq 96,483 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-iyun aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 30,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər ötən ilin eyni dövründə müvafiq olaraq 34,5 manat və 36,7 manat olub.