SIĞORTA

10 İyul

“İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” layihəsinin qalibləri elan edilib

2023-cü ilin kiçik qrant müsabiqəsində “İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” mövzusu üzrə 5 qeyri-hökumət təşkilatı (QHT) qalib olub.

Fins.az xəbər verir ki, qalib gəlmiş QHT-lər “Pediatrik Kardiologiya və Revmatologiya”,  “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”,  “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək, ““Optimist” Sosial Problemlərin Həllinə Yardım” və “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” ictimai birlikləridir.

Layihələrin əsas fəaliyyət istiqaməti regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi üzrə işlərin aparılmasıdır. Müvafiq regionlarda aparılan maarifləndirmə tədbirləri çərçivəsində əhali icbari tibbi sığortanın təminata aldığı tibbi xidmətlərdən istifadə qaydası, Xidmətlər Zərfi, dövlət və özəl tibb müəssisələrində sığortadan yararlanmaq, göndərişlərin verilməsi qaydası və digər bu kimi mövzular barədə məlumatlandırılacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) qalib gəlmiş hər bir ictimai birliyi təbrik edir və onlara layihənin həyata keçirilməsində uğurlar arzulayır. Agentlik öz növbəsində əhaliyə ötürüləcək informasiyaların doğruluğunun təmin edilməsi, uğurlu nəticələrin əldə edilməsi üçün hər bir ictimai birliklə əməkdaşlığa açıqdır. Habelə keçiriləcək tədbirlərin effektivliyinin artırılması üçün ictimai birliklərin icbari tibbi sığorta haqqında təqdimat, lazımi məlumatlar, çap materialları, videoçarxlar ilə təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda QHT-lərin bu istiqamətdə fəaliyyətini əks etdirəcək məlumatların Agentliyin rəsmi saytında, sosial şəbəkə platformalarında paylaşılmasına dəstək göstəriləcək.

Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentliyə dəstək olan qaliblərə bir daha dərin təşəkkürümüzü bildirir və əməkdaşlığımızın davamlı olmasını arzulayırıq.