2023-cü ilin yanvar-may aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 239 milyon 257.1 min manata bərabər olub.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45.2% və ya 74 milyon 447 min manat çoxdur. 2022-ci ilin yanvar-may aylarında həyat sığorta şirkətləri 164 milyon 810.1 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 95%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 93.3% təşkil etmişdi.
Cari ilin ilk 5 ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 89.4% artaraq 93 milyon 329.3 min manata çatıb. Ötən ilin ilk 5 ayında bu sığorta növü üzrə ödənişlər 49 milyon 286.6 min manat təşkil edib.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.