Fiziki şəxslər sığorta sahəsində müstəqil ekspert sertifikatı almaq üçün imtahan verəcək.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni – “11-1. Müstəqil ekspertlər” fəslində əksini tapıb.
Layihəyə əsasən, müstəqil ekspert sertifikatı bu qanuna uyğun olaraq müəyyən edilmiş sahələr üzrə verilir.
Fiziki şəxslər müstəqil ekspert sertifikatının əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) imtahandan keçməlidirlər.
Bu Qanununda nəzərdə tutulmuş imtahana buraxılan şəxslərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil ekspert sertifikatının forması və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Müstəqil ekspert sertifikatı imtahandan keçmiş şəxslərə 5 il müddətinə verilir. Müstəqil ekspert sertifikatının müddəti bitdikdə, yeni sertifikat almaq üçün bu Qanunda nəzərdə tutulan imtahanda yenidən iştirak edilməlidir.