SIĞORTA

02 İyun

Fariz Əzizov: Daxili idarəetmə, keyfiyyət, nəzarət göstəricilərimizi beynəlxalq standartlara uyğunlaşdırırıq

“SP Global Ratings” reytinq agentliyi bu yaxınlarda PAŞA Sığorta şirkətinin fəaliyyətini yenidən dəyərləndirib. Nəticələrə əsasən, şirkət ötən ilki reytinq göstəricilərini müvəffəqiyyətlə qoruyub saxlamağa nail olub. Belə ki, 2023-cü ilin aprel ayında keçirilmiş qiymətləndirməyə əsasən, “SP Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib.
 
Fins.az xəbər verir ki, mövzu ilə əlaqədar olaraq PAŞA Sığorta şirkətinin İdarə Heyətinin üzvü Fariz Əzizov ilə müsahibə keçirdik və müsahibəni təqdim edirik.
 
- İlk öncə bizə zaman ayırdığınız üçün təşəkkür edirik. İlk sualımız ondan ibarətdir ki, “SP Global Ratings” beynəlxalq reytinq agentliyi dəyərləndirməni şirkətin hansı göstəriciləri üzərindən aparıb və bu dəyərləndirmə nə ilə nəticələnib?
 
- Bəli, düzgün vurğuladınız, “SP Global Ratings” agentliyi şirkətimizin kredit və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” olaraq təsdiqləyib.  
 
Reytinq agentlikləri şirkətlərin reytinqlərini dəyərləndirərkən şirkətin cari maliyyə vəziyyəti, kapitalın həcmi və dinamikası, borcların və öhdəliklərin həcmi, dövriyyənin artım dinamikası, idarəetmə keyfiyyəti, gələcəkdəki gəlirliliyin güvənliyi, həmçinin ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri və bu kimi digər amilləri nəzərə alırlar.
 
Artıq 3-cü ildir ki, “SP Global Ratings” reytinq agentliyi fəaliyyətimizi qiymətləndirir. PAŞA Sığorta üçün qürurverici haldır ki, kredit reytinqimiz ölkə kredit reytinqindən sadəcə 1 alt-pillə aşağıdır. Bu onu göstərir ki, şirkətin maliyyə dayanıqlılığı demək olar ki, ölkəmizin maliyyə dayanıqlılığı səviyyəsindədir.
 
- Fariz müəllim, qlobal reytinq agentlikləri ilə əməkdaşlıq şirkətinizə nə qazandırır?  PAŞA Sığorta bunun nəticəsi olaraq sığorta bazarında həm əməkdaşlıq etdiyi şirkətlər, həm də müştərilər qarşısında hansı üstünlüklərə sahib olur?
 
- Məlumdur ki, kredit reytinqlərini alan qurumlar aktiv borclanma ehtiyacı olan şirkətlərdir. Kredit reytinqləri mövcud və potensial investorlara şirkətin real maliyyə dayanıqlılığı haqqında müstəqil məlumat təqdim edir. Ancaq PAŞA Sığorta şirkəti olaraq biz kapital bazarlarında aktiv emitent rolunda çıxış etmirik və fəaliyyətimizi, o cümlədən həyata keçirdiyimiz iddialı transformasiya layihələrimizi  şirkətin sahib olduğu aktivlər hesabına maliyyələşdiririk. Paralel olaraq onu qeyd edim ki, şirkətimiz gündəlik olaraq bağladığı sığorta müqavilələri vasitəsi ilə öz üzərinə ciddi maliyyə öhdəlikləri götürür. Partnyorlarımız arasında sıravi vətəndaşlar, ev təsərrüfatları, özəl şirkətlər, dövlət müəssisələri, hətta xarici ölkələrin fövqəladə hallar üzrə fondları və təkrarsığorta şirkətləri mövcuddur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, maliyyə dayanıqlılığımız fəaliyyətimizin ən vacib göstəricisidir. Tərəfdaşlarımızın etibarını qazanmaq üçün şirkətimiz mütəmadi olaraq yüksək beynəlxalq standartlara cavab verən göstəricilərini ictimaiyyətə açıqlayır.
2020-ci ildən etibarən qərar verildi ki, maliyyə dayanıqlılığımız sırf sığorta sektoru prizmasından deyil, daha geniş makrofaktorlar əsasında qiymətləndirmə aparan “SP Global Ratings” agentliyi tərəfindən dəyərləndirilsin.
Məlum olduğu kimi, reytinq agentlikləri ilə əməkdaşlıq hər hansı requlyatorun tələbi deyil, bu addım şirkət rəhbərliyinin qərarı ilə həyata keçirilir və risklərini bizə etibar edən partnyor və müştərilərimiz qarşısında bir növ hesabatdır. Kredit reytinq agentliklərinin bazara təqdim etdiyi məlumatlar sayəsində müəssisələr potensial tərəfdaşlıqlar və digər işgüzar əlaqələr haqqında daha asan qərarlar qəbul edə bilirlər.
 
- Sığorta bazarında reytinqi artırmaq üçün hansı addımları atmaq mümkündür? Bu bazarda olan perspektivlər nələrdir?
 
- Ölkəmizin sığorta sektoru, xüsusilə bazarın qeyri-həyat seqmenti artan geo-iqtisadi risklər fonunda həm dövriyyə, həm də sığorta ödənişləri göstəricilərinə görə son illərdə iki rəqəmli artım tempi nümayiş etdirir. Təbii ki, bu göstəricilər sığorta sektorunun inkişafı üçün münbit şərait yaradır. Buna baxmayaraq, qeyri-həyat sığorta növləri üzrə ümumi iqtisadi əməliyyatlar ÜDM-nin cəmi 0.8%-ni təşkil edir. Bu nisbət isə sektorun inkişafda olan bazarlar siyahısına daxil olduğunun göstəricisidir. PAŞA Sığortanın qeyri-həyat sığorta bazarındakı lider mövqeyinə baxmayaraq, biz də sektordakı məhdudiyyətlər ilə mübarizə aparır, bazar göstəricilərinin artması üçün səylər göstəririk. İnstitusional inkişaf, maliyyə savadlılığının artımı, maliyyə mənbələrinin əlçatanlığı– bütün bu tendensiyalar tədricən sığorta sektorunun da genişlənməsinə gətirib çıxaracaq. İqtisadiyyatın və sektorun genişlənməsi şirkətlərin kredit reytinqlərinin də yüksəlməsi ilə nəticələnəcək.
 
Qeyd edim ki, hazırda bazarın requlyatoru olaraq, AR Mərkəzi Bankı da ölkədə sığorta sektorunun inkişafı üçün çox böyük dəstək göstərir. Makroiqtisadi sabitlik, real sektorun dəstəklənməsi, inflyasiya göstəricilərinin nəzarət altına alınması bütün sektor üçün vacib amillərdəndir. Mərkəzi Bankın rəhbərliyi ilə və beynəlxalq ekspert icmasının iştirakı ilə sığorta bazarı da daxil olmaqla, maliyyə xidmətləri sektorunun yeni dövr üçün hazırlanan inkişaf strategiyasının açıqlanmasını gözləyirik. Strategiyada real sektorun dəstəklənməsi, orta və kiçik sahibkarların maliyyə mənbələrinə əlçatanlığı, əməliyyatların sürətli rəqəmsallaşması və maliyyə savadlılığının artırılması kimi məsələlər yer tutacaq ki, bu da bütün maliyyə xidmətləri sektoruna öz pozitiv təsir göstərəcək.  
 
- PAŞA Sığorta “SP Global Ratings” dəyərləndirməsindən başqa hansı beynəlxalq qiymətləndirmə və ya keyfiyyət standartlarına sahibdir?
 
- Biz şirkət olaraq çalışırıq ki, sadəcə maliyyə göstəricilərimizi deyil, eyni zamanda daxili idarəetmə, keyfiyyət, nəzarət göstəricilərimizi də qabaqcıl beynəlxalq standartlara uyğunlaşdıraq. Qeyd etmək istərdim ki, biz daxili idarəetmə strukturumuzu “ISO 9001: 2015” keyfiyyətin idarəedilməsi standartlarına uyğun olaraq qurmuşuq. Şirkətimiz fəaliyyətini 2021-ci ildən etibarən isə "ISO 10002: 2018" beynəlxalq standartında təsvir olunmuş Keyfiyyətin İdarə Olunması Sisteminə müvafiq olaraq həyata keçirir. Şirkət hər il bu standart üzrə audit olunur. Bundan əlavə, şirkət beynəlxalq konsultantların dəstəyi ilə Beynəlxalq Maliyyə Hesabatlılığı Standartına (IFRS 17) keçidi icra edir və 2024-cü ildən etibarən maliyyə hesabatlarını bu standartın tələbinə uyğun olaraq hazırlayacaq. 
 
Onu da qeyd edim ki, hazırda Solvency II risk-əsaslı kapital tələbləri standartlarına keçidi icra edirik və 2024-cü ildən etibarən daxildə risk əsaslı kapital tələbinin hesablanmasını bu standartın tələbinə əsasən formalaşdıracağıq. Paralel olaraq şirkətimiz İnformasiya risklərinin idarə edilməsi və İnformasiya təhlükəsizliyi üzrə dəyərləndirmədən keçir və öz işini bu istiqamətdə olan beynəlxalq standartların tələblərinə əsasən qurur. İnformasiya təhlükəsizliyi üzrə fəaliyyətimizi “ISO 27001” standartına uyğun olaraq yetkinlik dərəcəsinə yüksəltməyi planlaşdırırıq.  
 
Bu hissədə onu da əlavə etmək istərdim ki, biz 2021-ci ilin sonlarına yaxın şirkətimizdə məlumat yönümlü qərarların verilməsi və Məlumat əsaslı idarəetmənin (Data Governance) qurulması prosesinə başladıq. Ötən ilin sonunda beynəlxalq menecment konsaltinq şirkəti olan “McKinsey” tərəfindən şirkətimizdə data istiqaməti üzrə Yetkinlik qiymətləndirməsi (Maturity Assessment) keçirilmişdir və paralel olaraq bizim data istiqaməti üzrə növbəti yol xəritəmiz təsdiqlənmişdir . Əlavə olaraq qeyd edim ki, biz əməkdaşlarımızı məlumatların analizi və idarəolunması istiqaməti üzrə inkişaf etdirilməsi və bunun biznesə müsbət təsir etməsi üçün də işlər həyata keçiririk.
Son olaraq onu da bildirim ki, növbəti il üçün olan strateji planımızda məlumatların idarəedilməsinin önəmi daha da artacaq və bu istiqamətin inkişafına daha çox fokuslanacağıq.
 
- PAŞA Sığortada şirkətin peşəkar fəaliyyətinə təsir edə biləcək risklərin müəyyən edilməsi üçün bir sistem mövcuddurmu? 
 
- Bu suala cavab verərkən bildirmək istərdim ki, şirkətimizin səhmdarları ən yüksək tələblərə cavab verən Risklərin idarəedilməsi mühitinin yaradılmasına böyük önəm verir. Bu şirkətdə həm strateji, həm də əməliyyat səviyyəsində həssaslıqla yanaşılan bir istiqamətdir. Şirkətimizdə risklərin müəyyən edilməsi və idarəolunması üçün bir neçə istiqamətlər və mexanizmlər yaradılmışdır. Direktorlar Şurasının yanında daimi Risklərin İdarəedilməsi komitəsi fəaliyyət göstərir ki, komitənin müstəqil və peşakar üzvlərdən təşkil edilməsi əsas şərtlərdən biridir. Şirkət risklərinin idarə olunması İdarə Heyətinin qarşısında öhdəlik kimi qoyulmuşdur. Onu da qeyd edim ki, şirkətimizdə risk indikatorlarının mütəmadi monitorinqi də həyata keçirilir.
Bu öhdəliyin bir hissəsi olaraq 3 müdafiə xətti prinsipi ilə çalışan risklərin idarəedilməsi mühiti yaradılmışdır. Bu mühit daxilində güclü və funksional daxili audit xidməti və proaktiv məsul aktuari funksiyası fəaliyyət göstərir. Bu funksiyaların fəaliyyəti mütəmadi olaraq sertifikatlaşdırılır. Eyni zamanda sığorta, əməliyyat, kredit, bazar, likvidlik, İT təhlükəsizliyi riskləri, eləcə də Komplayns və Daxili nəzarət istiqamətləri üzrə məsul struktur vahidləri mövcuddur.
Ən əsası bu sahədə çalışan gənc, peşəkar və ambisiyalı kollektiv risklərin müəyyən edilməsində vacib rol oynayır. Biz bu əməkdaşlarımızın öz istiqamətləri üzrə peşəkarlaşmasına, ixtisaslaşmasına xüsusi önəm göstəririk. 
       
- Fariz müəllim, şirkətin fəaliyyəti zamanı yarana biləcək risklərin aradan qaldırılması, həmçinin yenidən ortaya çıxmaması istiqamətində hansı işlər görülür?
 
- Vurğulamaq istərdim ki, sığorta siyasətimiz istər sektorlar, istərsə də coğrafi baxımdan diversifikasiya edilmiş, tarazlı bir portfelin yaradılmasına yönəlib. Bu amilin kredit reytinqimizi dəstəkləyən ən vacib amil olduğunu desəm, yanılmaram. Məhz bunun nəticəsidir ki, son dövrlərdə baş vermiş böyük həcmli öhdəliklər, məsələn qardaş Türkiyədə baş vermiş zəlzələ üzrə Türkiyə dövlət Zəlzələ fonduna ediləcək ödəniş və “Azerysky” peykinin meteorit yağışına düşməsi halına qarşı ödənişimiz, bizim maliyyə göstəricilərimizə neqativ təsir göstərmədi, öhdəliklərimizin icra edilməsində heç bir maneə və ya fasilə yaratmadı, paralel olaraq kredit reytinqimiz yeniləndi.
 
Bu məsələ ilə bağlı onu da bildirim ki, Müasir Risk Menecement standartları risk anlayışının modifikasiyasını tələb edir.  Əvvəlki dövrlərdə risk arzuolunmaz halların neqativ nəticəsi kimi qiymətləndirilirdisə, yeni yanaşma (məs, ISO 31000 standartları ilə müəyyən edilmiş risk anlayışı) riski qeyri-müəyyənsizliklərin biznes hədəflərə olan təsiri kimi ifadə edir. Müasir biznes mühiti dəyişkənlik və qeyri-müəyyənliklə səciyyələnir. Belə olan halda, balanslı və etibarlı sığorta tərəfdaşı risklərin bir qismini şirkətlərdən alaraq öz üzərinə götürə bilir, bizneslərin əsas gücünü peşəkar olduqları sahələrə yönəltməsi üçün şərait yaradır. Beləliklə, dayanıqlı və güvənli sığorta şirkəti iqtisadiyyatın inkişafına əvəzolunmaz töhfəsini verir.