Sabahdan Azərbaycanda Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta şəhadətnamələri elektron qaydada tərtib olunacaq.
Fins.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu məlumat yayıb.
Məlumata görə, ötən ilin sonunda “İcbari sığortalar haqqında” qanunda edilmiş dəyişikliklərin tələbləri nəzərə alınaraq Büro ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemləri inteqrasiya edilib, əmlakın sığortalanması ilə əlaqədar lazımi məlumatların müvafiq dövlət qurumundan alınması təmin edilib. Müvafiq növlər üzrə sığorta şəhadətnamələrinin elektron tərtib edilməsi üçün əmlakın çıxarışının reyster nömrəsi və qeydiyyat nömrəsi portala daxil ediləcək. Daha sonra müvafiq veb servis ilə elektron qaydada əmlakın digər məlumatları Dövlət Xidmətindən əldə ediləcək. Şəhadətnamələri sığorta şirkətləri təsdiq edərək elektron vasitələrlə imzalayacaq. Ödəniş kodu sığortalıya sms vasitəsi ilə göndərildikdən sonra Hökümət Ödəniş Portalı vasitəsi ilə sığorta haqqının ödənişi təmin edilməlidir. Ödənişin həyata keçirilməsindən sonra şəhadətnamə qüvvəyə minəcək.
Müvafiq elektron informasiya sistemləri ilə inteqrasiyanın tamamlanmasından sonra elektron şəhadətnaməyə dair məlumatlar Büronun məlumat bazasında mövcud olmaqla, vətəndaşların şəxsi kabinetlərində də məlumatların əlçatanlığı təmin ediləcək. Elektron informasiya sistemində məlumatların mövcud olması müvafiq icbari sığorta növü üzrə sığortalanmağa nəzarəti həyata keçirən orqanlara müvafiq məlumatın ötürülməsini asanlaşdıracaq.
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növlərinin elektronlaşdırılması yekunlaşdırılıb, “Sərnişinlərin icbari fərdi qəza sığortası” nın elektronlaşdırılması istiqamətində isə işlər intensiv olaraq davam etdirilir. Yaxın zamanlarda yeniliklərin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.