SIĞORTA

25 May

Azərbaycanda könüllü sığorta 28%, icbari sığorta isə 38% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 341,854 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 27,7% çoxdur.

Ötən 4 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 38,1% artaraq 125,676 milyon manata çatıb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 102,502 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 64,4% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği 3,3% artaraq 32,1 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-aprel aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 23,3 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 34,1 manatdan 25,5 manata düşüb.