Bu il könüllü sığorta 28%, icbari sığorta isə 38% artıb.
2023-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 341 milyon 853.9 min manat, icbari sığorta növləri üzrə 125 milyon 676,4 min manat sığorta haqqı toplanılıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 27.7% və ya 74 milyon 108.9 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 38% və ya 34 milyon 650.3 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 64.4% artaraq 102 milyon 501,9 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 3.3% artaraq 32 milyon 99.7 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-aprel aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 30 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 4 ayında 23.3 manata bərabər olub. Bu ilin yanvar-aprel ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 25.5 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 4 ayında 34.1 manata bərabər idi.