İcbari Sığorta Bürosu (İSB) son 5 ildə Azərbaycanda naməlum və yaxud oğurlanmış, eləcə də sığortasız nəqliyyat vasitələri ilə vurulmuş zərərə görə 3,752 milyon manat kompensasiya ödəyib.
Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Büronun icraçı direktoru Rəşad Əhmədov bildirib.
Onun sözlərinə görə, bu məbləğin 1,492 milyon manatı 2022-ci ilin payına düşüb.
"İSB üzvü olan sığorta şirkətləri ödəmə qabiliyyətini itirdikdə də sığorta ödənişləri həyata keçirir. Bu çərçivədə 2016-cı ildə müflis olmuş "Alfa Sığorta" ASC-yə görə 320 min manat, 2020-ci ildə müflis olmuş "Standar İnsurance Sığorta Şirkəti" ASC-yə görə isə 5,671 milyon manat sığorta ödənişləri verilib", deyə R.Əhmədov əlavə edib.
R.Əhmədov bu il üzrə də üçüncü şəxslərin sağlamlığına dəyən zərərlər üzrə ödənişlərin eyni həcmdə proqnozlaşdırıldığını açıqlayıb.
Onu da əlavə edib ki, icbari sığortası olmayan nəqliyyat vasitələrinin sığortası olmadığı halda üçüncü şəxslərin sağlamlığına dəyən zərəri İcbari Sığorta Bürosu qarşılayır. Qanuna əsasən, qəza zamanı ölüm halına görə sığorta ödənişi 5 min manat, xəsarət hallarına görə isə 750-4000 manat həcmdə nəzərdə tutulub.