Bu ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 17-nin yığımları illik müqayisədə artıb, 3-nün isə yığımları azalıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir. Bu şirkət 3 ay ərzində 6,939 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Atəşgah Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 7,565 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 10,9% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 87,5% azalaraq 651 min manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Azsığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 0,1% azalaraq 2,847 milyon manata düşüb.