SIĞORTA

14 Mart

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB nümayəndələri İsrailə səfər edib - FOTO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti 7-10 mart tarixlərində İsrail Dövlətində işgüzar səfərdə olublar.

Fins.az xəbər verir ki, səfər iştirakçıları İsrail Dövlətinin xüsusi əhəmiyyətə malik səhiyyə müəssisələrinin –Magen David Adom Milli Əməliyyatlar Mərkəzi (İsrail Dövlətinin milli yardım cəmiyyəti), Sheba Hospital (tibbi innovasiyalar sahəsində ixtisaslaşmış tibb müəssisəsi) və Tel Aviv Sourasky (Ichilov) Tibb Mərkəzi - şəraiti və müxtəlif bölmələrin fəaliyyətləri ilə tanış olublar. 

Magen David Adom Milli Əməliyyatlar Mərkəzinin Fövqəladə halların idarə edilməsi və Avropa İttifaqı layihələri koordinatoru Chaim Rafalowski və Sheba Hospitalının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yair İtzhar və Tel Aviv  Sourasky (Ichilov) Tibb Mərkəzinin baş direktorunun müavini Itzhak Shapira səfər iştirakçılarına tibb mərkəzlərinin fəaliyyətləri haqda geniş məlumat təqdim ediblər.

Həmçinin səfər müddətində Azərbaycanın nümayəndə heyətinin İsrail Dövlət Səhiyyə Nazirliyinin baş direktor müavini Şəfi Mendeloviç, qurumun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asher Salmon, Rəqəmsal Səhiyyə departamentinin rəhbəri Assaf Parker, Clalit Mushlam Səhiyyə Xidmətinin (İsrail Dövlətinin ən böyük sığorta təşkilatı) rəhbəri Eyal Jacobson, ilə bir sıra görüşləri baş tutub. 

Səfər çərçivəsində İsrailin tibbi sığorta sistemi, səhiyyə sisteminin maliyyələşdirilməsi, tibb müəssisələrinin idarəedilməsində sığorta sisteminin rolu, tibbi xidmətlərin genişləndirilməsi üçün tövsiyə olunan strategiyalar, səhiyyə sisteminin elektronlaşdırılması, səhiyyə xidmətlərinin optimallaşdırılması, təcili və profilaktik tibbi yardım xidmətinin funksionallığı və təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda Azərbaycanın tibb müəssisələrində aidiyyəti istiqamətlər üzrə insan kapitalının inkişaf etdirilməsi mövzularında müzakirələr aparılıb.