SIĞORTA

14 Mart

Sığorta riyaziyyatına dair yeni kitab

Bir müddət əvvəl respublikamızda sığorta riyaziyyatına dair yeni kitab çapdan çıxmışdır. Kitab “Qeyri-həyat sığortası riyaziyyatı” adlanır. Kitabın müəllifi fizika-riyaziyyat elmləri namizədi Tofiq Rəhim oğlu Məmtiyevdir. Bu kitab T.Məmtiyevin sığorta riyaziyyatına dair üçüncü kitabıdır. Əvvəlki kitablar (“Həyat sığortasının riyazi-demoqrafik əsasları” və “Həyat sığortası riyaziyyatı”)  müvafiq olaraq 2017 və 2020-ci illərdə çap olunmuşdu.

Müxbirimiz bu günlərdə T.Məmtiyev ilə görüşmüş və yeni kitab barədə onunla söhbətləşmişdir. Kitab 16 fəsildən ibarət olmaqla, 948 səhifədir. Kitabda qeyri-həyat sığortasında tarifləşdirmə sisteminin yaradılmasının ümumi əsasları, kəsilməz paylanmalar və doğuran funksiyalar, sığorta haqlarının hesablanması, əhəmiyyətlilik nəzəriyyəsinin sığortaya tətbiqi, paylanmanın çəkili quyruğu, risk ölçüləri, sığorta hadisələrinin baş verməsi prosesinin modelləri, fərdi və kollektiv risk modelləri, müflisləşmə nəzəriyyəsinin əsasları, təkrarsığorta, sığorta ehtiyatları, riyazi statistikanın bəzi məsələləri, etibarlılıq nəzəriyyəsi və simulyasiya barədə məlumatlar verilmişdir. 

Müəllif müxbirimizlə söhbətində aşağıdakıları qeyd etmişdir:

“Kitabın II-XVI Fəsillərində göstərilən mövzular aktuar təhsilin çox yaxşı inkişaf etmiş olduğu ölkələrin (Amerika Birləşmiş Ştatları, Kanada, Böyük Britaniya və s.) universitetlərində gələcək aktuarilərin ilkin olaraq hazırlanması üçün tədris olunan əsas kurslardan birinin -           “Non-Life Insurance Mathematics” adlı kursun mövzularına təxminən uyğundur. Kitabda nəzəri materialla yanaşı çoxlu sayda misal həlli göstərilmişdir. Oxucuların müstəqil çalışması və öz biliklərini artırması üçün kitabın müvafiq fəsillərinin sonunda çalışmalar verilmişdir. Kitabda göstərilən materialı mənimsəmək üçün oxucu riyazi analizin, ehtimal nəzəriyyəsinin və riyazi statistikanın əsaslarını bilməlidir.

Kitabdan ali məktəb müəllimləri, bakalavrlar, magistrlər, doktorantlar və aktuarilər istifadə edə bilərlər. Kitab Amerika Aktuarilər Cəmiyyətinin “Fundamentals of Actuarial Mathematics – Short-Term (FAM-S) və “Advanced Short-Term Actuarial Mathematics (ASTAM)” adlı imtahanlarına hazırlaşmaq istəyənlər  üçün də faydalı ola bilər. Belə ki, kitabda göstərilən mövzular və çalışmalar adları yuxarıda qeyd olunan imtahanlara hazırlaşmaq üçün ən çox istifadə olunan kitablardakı (Klugman S.A, Panjer H.H and Willmot G.E. Loss models from data to decisions. 5th ed., 2019., R.Brown and W.S.Lennox. Introduction to Ratemaking and Loss Reserving for Property and Casualty Insurance. 5th ed., 2022.) mövzulara və çalışmalara təxminən uyğundur.”

Qeyd edək ki, T.Məmtiyev 23 il sığorta nəzarəti orqanında (1993-2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətində, 2001-2016-cı illərdə isə Azərbaycan Respublikası Maliyyə Nazirliyində) işləmişdir. O, işlədiyi dövr ərzində iqtisadçı vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmişdir. 2009-2016-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində “Sığorta fəaliyyətinə nəzarət” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Sığorta nəzarəti orqanının yaranmasının ilk illərindən başlayaraq sığortaçıların (təkrarsığortaçıların) maliyyə sabitliyi və ödəmə qabiliyyətliliyinin qiymətləndirilməsinə dair təlimatların, qaydaların, metodikaların və hesabat formalarının işlənib hazırlanmasında və təkmilləşdirilməsində T.Məmtiyevin böyük əməyi olmuşdur. O, Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemində səmərəli fəaliyyətinə və peşəkarlığına görə 9 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə nazirinin Təşəkkürnaməsi ilə təltif edilmişdir.

T.Məmtiyev 2008-2012-ci illərdə Amerika Birləşmiş Ştatları, Kanada və Qazaxstandan dəvət olunmuş ekspertlər tərəfindən respublikamızda tədris edilmiş aktuar kurslarda iştirak etmiş və onları müvəffəqiyyətlə başa vuraraq müvafiq sertifikatlar almışdır. O, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Belə ki, T.Məmtiyev 2008-2015-ci illərdə respublikamızda təkrar olaraq keçirilmiş aktuar kurslarda dərs deyərək, aktuarilərin hazırlanmasında yaxından iştirak etmişdir. T.Məmtiyev pedaqoji fəaliyyətini indi də davam etdirərək, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakultəsində aktuar riyaziyyat fənni üzrə mühazirələr və seminarlar aparır.

Ali məktəb müəllimlərinin, bakalavrların, magistrlərin, doktorantların və aktuarilərin, həmçinin sığorta işi, sığorta riyaziyyatı, maliyyə riyaziyyatı, demoqrafiya, statistika və sığorta təşkilatlarında mühasibat uçotunun aparılması üzrə mütəxəssislərin istifadə etmələri üçün T.Məmtiyev tərəfindən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına sözügedən sahələr üzrə 4 dildə (Azərbaycan, türk, rus və ingilis dillərində) 86 ədəd kitab təmənnasız olaraq hədiyyə edilmişdir.

Hazırda T.R.Məmtiyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzində Monitorinq sektorunun müdiri vəzifəsində işləyir. O, həm də Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının üzvüdür.

Ailəlidir, iki övladı var.