SIĞORTA

16 Fevral

Türkiyədəki zəlzələnin Azərbaycanın əmlak sığortasına təsiri

Kahramanmaraşın Pazarcık rayonunda fevralın 5-dən 6-na keçən gecə 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub. Belə ki, təbii fəlakət nəticəsində 35 min nəfərdən çox insan həyatını itirib. Minlərlə bina isə tamamilə dağılıb. Bu dağıdıcı fəlakətin Azərbaycanda da daşınmaz əmlakın sığortası, eyni zamanda satışı bazarına müəyyən qədər təsir edəcəyi gözlənilir.

Fins.Az xəbər verir ki, bəs ölkəmizdə hazırda bu yöndə xüsusilə sığorta sahəsində canlanma varmı? Əmlak sığortasında zəlzələnin rolu hiss olunurmu? 

Bununla bağlı sığorta eksperti İlkin İbrahimov bildirib ki, Türkiyədəki zəlzələ səbəbilə daşınmaz əmlakın həm icbari, həm də könüllü sığortalanmasında fərq hiss olunacaq: "Bunun rəsmi olaraq təsdiq olunması üçün Mərkəzi Bankın statistikasını gözləməliyik. Belə ki, fevral ayının statistikası mart ayının əvvəlində elan olunur. Bu, məsələnin birinci tərəfidir".

Ekspert bildirib ki, ölkəmizdə daşınmaz əmlak sığortasının canlanması üçün ilk növbədə həm bu gündəm olan məsələ, həm də sığorta ödənişlərinin verilməsi prioritet məsələ olmalıdır: "Hansı ki, sığorta ödənişləri hazırda çox çətinliklərlə verilir. Belə ki, statistikadan görürük ki, 2021-ci illə müqayisədə ötən il ödənişlərin məbləği daha aşağı düşüb. Yəni, 5% azalma var. Bu da onu göstərir ki, ödənişlərlə bağlı problemlər var. 2021-ci il 2022-ci illə müqayisədə materiallar və xidmət sahəsi üçün daha ucuz il olub. 2022-ci il isə baha il oldu. Məntiqlə burada sığorta haqları artdığı kimi sığorta ödənişləri də artmalı idi. Lakin biz bunu görmədik. Ona görə də deyə bilər ki, Mərkəzi Bankın bununla bağlı məsələləri qabartmaması sığorta şirkətlərinin "əl-qolunu açır". Eyni zamanda qanunvericilikdə sığorta hadisələri zamanı tələb olunan sənədlərin çoxluğu ödənişlərin verilmə faktoruna təsir edir".

Əlavə edək ki, Azərbaycanda 2022-ci ildə əmlak sığortası növlərinin hesabına 181,6 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2021-ci illə müqayisədə 14,5% və ya 23 milyon manat çoxdur. Hesabat dövründə əmlak sığortası növləri üzrə ödənişlər isə 9,1% və ya 2,2 milyon manat azalaraq 21,9 milyon manata enib.