SIĞORTA

25 Dekabr

Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 14% artıb

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 875 milyon 132,4 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14% çoxdur.

"Fins.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Məlumata görə, hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 24,4% artaraq  657 milyon 638,6 min manat və ya bazar üzrə bütün sığorta haqlarının 75,1%-ni təşkil edib.

Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 32,6% artaraq 385 milyon 845,5 min manat , qeyri-həyat sığortası üzrə sığorta haqları 14.2% artaraq 271 milyon 793,1 min manat təşkil edib.

İcbari sığorta növləri üzrə sığorta haqları 9% azalaraq 217 milyon 493,87 min manat təşkil edib.