Sığorta şirkətlərinin maliyyə dayanıqlığının ölçülməsində əhəmiyyətli rola malik aktuar sahəsinin inkişafı Mərkəzi Bankın prioritetləri arasındadır.
"Fins.az" xəbər verir ki, Mərkəzi Bank Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə ölkədə müasir bilik və bacarıqlara malik aktuarilərin yeni nəslinin formalaşdırılması məqsədi ilə Aktuari İnkişaf Proqramına başlamışdır.
Beynəlxalq səviyyədə təşkil olunmuş Aktuari inkişaf proqramının iştirakçılarına nəzəri biliklərlə yanaşı sığorta sektorunda təcrübə keçmək imkanı da yaradılmışdır. Türk Sığorta İnstitutu Vəqfinin (TSEV) və yerli mütəxəssislərin nəzəri və praktiki təlimləri ilə zənginləşdirilmiş proqram 15 ay müddətində davam edəcəkdir.
19 dekabr 2022-ci ildə Mərkəzi Bankda Aktuari İnkişaf Proqramına qatılmaq hüququ qazanmış 90 nəfər iştirakçı ilə görüş keçirilib. Görüşdə iştirakçılara proqramın məqsədləri və tələbləri ətraflı izah edilmiş, proqramda müvəffəqiyyətlə iştirak üçün lazımi tövsiyələr verilib.
Aktuari İnkişaf Proqramını uğurla tamamlayan şəxslər üçün sığorta sektorunda müvafiq peşə üzrə əmək fəaliyyətini davam etdirmək imkanları təmin ediləcəkdir.