SIĞORTA

20 Oktyabr

Daşınmaz əmlakın icbari sığortası elektronlaşdırılacaq

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron qaydada həyata keçiriləcək.

Bunu “ASAN Radio”nun “Həyat sığorta ilə rahat” proqramında" sualına cavab olaraq Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.

O qeyd edib ki, Azərbaycan daşınmaz əmlakın icbari sığortası sahəsində region ölkələri - Gürcüstan, Rusiya və Türkiyədən geridə qalır. Azərbaycan Mərkəzi Bankı bu sığorta növünün kütləviliyinin artırılması istiqamətdə iş aparır. Bunlardan biri daşınmaz əmlak sığortası sahəsində maarifləndirmənin gücləndirilməsidir: “İstərdik ki, insanlar bu istiqamətdə daha məlumatlı olsunlar və statistik göstəricilər də artıq maariflədirmə tədbirlərinin nəticə verdiyini deməyə əsas verir”.

O bildirib ki, bu sahədə digər bir önəmli addım daşınmaz əmlakın sığortasının elektronlaşdırılmasıdır. Mərkəzi Bank digər icbari sığortaların elektronlaşdırılması sahəsində müsbət nəticələr əldə edib və bu təcrübənin daşınmaz əmlakın icbari sığortasında da tətbiqi nəzərdə tutulub: “Avtomobillərin icbari sığortasında İcbari Sığorta Bürosu (İSB) ilə Daxili İşlər Nazirliyinin məlumat bazası inteqrasiya edildi və sığortasız avtomobilləri cərimələmək imkanı yarandı. Bu isə icbari avtosığortada kütləviliyi artırdı. Hazırda ölkə üzrə 1,4 milyon avtomobillin demək olar ki, 100%-ə yaxını icbari qaydada sığortalanır. O cümlədən, "işəgötürənin məsuliyyət sığortası"ı sahəsində İSB ilə müvafiq qurumun məlumat bazasının inteqrasiyası şirkətləri işçilərin sığortasından yayınmasının qarşısını aldı. Bunu nəzərə alaraq, daşınmaz əmlakın icbari sığortasında da kütləviliyə nail olmaq üçün İcbari Sığorta Bürosu ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron bazası inteqrasiya ediləcək”.

Z. Əliyev bildirib ki, bu məsələ “İcbari sığortalar haqqında” qanuna dəyişiklik layihəsində nəzərə alınıb və qısa zamanda qanuna müfaviq dəyişiklik ediləcək: “Bu imkan verəcək ki, vətəndaşlar daşınmaz əmlak sığortasını onlayn qaydada əldə edə bilsinlər. Elektronlaşma eyni zamanda bu sahədə sığorta şirkətlərinin işini asanlaşdıracaq, həm də xərclərini azaldacaq”.

Z.Əliyev həmçinin əlavə edib ki, qeyri-yaşayış obyektlərinin icbari sığortasına nəzarət FHN tərəfindən, yaşayış sahələri üzrə isə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək. Rəsmi qaydada sənədləşdirilən, çıxarışı olan sığortasız daşınmaz əmlaklara görə cərimə tətbiq ediləcək.

(c)APA