Sosial şəbəkədə İcbari Sığorta Bürosunun elektron sisteminin bir həftədir işləməməsi ilə bağlı məlumat yayılıb.
“Fins.az” xəbər verir ki, bu barədə jurnalist Elçin Rüstəmli öz feysbuk hesabında yazıb. O qeyd edib ki, qurumun saytında icbari sığorta müqaviləsini yoxlamaq üçün olan bölmə işləmir, zənglərə cavab verilmir: “Avtomobilin icbari sığorta vaxtını unutmuşam, hansı şirkət tərəfindən edildiyi də yadımda deyil. Əlimdə müqavilə yoxdur, aramsız zəng edən sığorta şirkətlərindən birinə onlayn ödəniş eləmişdim. İndi müqavilə vaxtını öyrənmək istəyirəm, amma bir həftədir, bütün cəhdlərim boşa çıxır. Bu müddət ərzində İcbari Sığorta Bürosunun 9707 SMS xəttinə mesaj yazdım, 16 qəpik çıxdılar, amma geridönüş olmadı”.
O əlavə edib ki, İcbari Sığorta Bürosunun məsul şəxsi ilə də əlaqə saxlayıb: “Onun da məsləhətlərindən bir şey çıxmadı. İcbari Sığorta Bürosunun saytında "İcbari sığorta müqaviləsini yoxla" bölməsinə müraciət etdim, sistem işləmədi. İcbari Sığorta Bürosunun saytında qoyulmuş 012 595 00 20 telefon nömrəsinə zəng etdim, 5 dəqiqə gözlədib “odboy” verdilər. İcbari Sığorta Bürosunun feysbuk səhifəsinin mesaj bölməsinə yazdım, dedilər müraciətinizə 5 gün ərzində baxılacaq”.
Digər vətəndaşlar da oxşar problemlə qarşılaşdıqlarını yazıblar. Qeyd olunur ki, İcbari Tibbi Sığorta Büsrosunun saytında müqavilə nömrəsini yazan kimi maşının seriyası yazılan qrafa bağlanır.
Məsələ ilə bağlı İcbari Sığorta Bürosu ilə əlaqə saxladıq. Qurumdan İSB-nin elektron sistemində hər hansı problem olmadığı bildirildi: “Bizim elektron sistemdə heç bir problem yoxdur. Özünüz də girib yoxlaya bilərsiniz. Həmçinin hər hansı problem olduqda İSB-nin saytında qoyulan telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür”.
(c)Qafqazinfo