SIĞORTA

23 Sentyabr

İcbari Sığorta Bürosu media nümayəndələri üçün təlim keçirib

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə tətbiq olunacaq yeniliklər” mövzusunda keçirilən təlimin əsas məqsədi icbari sığorta növləri üzrə aparılan islahatlar barədə media nümayəndələrinə düzgün istiqamət verilməsi, həmçinin onların mövzu ilə bağlı biliklərinin artırılması olub.

"Fins.az" xəbər verir ki,  təlimdə “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” barədə media nümayəndələrinə ətraflı məlumat verilmiş, iştirakçıların mövzu ilə bağlı biliklərinin artırılması üçün təlimçilərin çıxışları , təqdimatlar və sual –cavab sesiyası həyata keçirilib.

Təlimdə vurğulanıb ki, yeni qaydalarla avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimalları nəzərə alınaraq risk amilləri üzrə əmsallar (sürücünün yaşı, təcrübəsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayı,bölgə, istismar müddəti) müəyyən olunub.

Zərərlərin birbaşa tənzimlənməsi qaydaları isə yol-nəqliyyat hadisəsində zərərçəkənin avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi və zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında ödəmələrin aparılmasını müəyyənləşib.

Bu dəyişikliklər sürücülərin məsuliyyətinin artırılmasını və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına geniş imkanlar yaradacaqdır.

 

Təlim jurnalistlərin yeni qaydalarla yaxından tanış olmasını təmin etməklə yanaşı, onlar tərəfindən hazırlanacaq məqalə, veriliş və süjetlərin effektivliyini artıracaq, beləliklə geniş ictimaiyyətin yeniliklərlə bağlı düzgün məlumatlandırılmasına xidmət edəcək.