SIĞORTA

12 Sentyabr

Sığorta maarifləndirməsi layihəsinin hesabat konfransı keçirilib

Bu gün, artıq ikinci ildir ki, Azərbaycanda sığorta maarifləndirməsi və qarşısıalınma ilə bağlı ümumrespublika səviyyəsində həyata keçirilən layihə çərçivəsində 2022-ci ilin 6 ayı ərzində görülmüş işlərə dair hesabat konfransı baş tutub.

ASA-dan "Fins.az"-a verilən məlumata görə, konfransda ötən 6 ay ərzində ölkədə sığorta maarifləndirməsi ilə bağlı görülən işlər və növbəti mərhələdə bu istiqamətdə atılacaq addımlar müzakirə edilib. Bildirilib ki, yarımil ərzində sektor iştirakçılarından ibarək ekspert qrupunun iştirakı ilə yazılı mediada, eyni zaman televiziya və radio kanallarında risklərin idarə edilməsində sığortanın əhəmiyyəti və daşınmaz əmlak sığortasının vacibliyi ilə bağlı mövzular mütəmadi olaraq işıqlandırılıb. Bununla paralel olaraq qeyd olunan zaman ərzində çöl və qapalı məkanlarda müxtəlif formatlarda vizual təşviqedici materiallarla da sığortanın əhəmiyyəti ümumilikdə 1 milyon nəfərdən çox əhali qruplarına çatdırılıb.

Konfransda qeyd olunub ki, 2021-2023-cü illəri əhatə edən bu sığorta maarifləndirməsi layihəsi çərçivəsində növbəti mərhələdə avtomobil sığortası və həyat sığortası ilə bağlı bilgiləndirici tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, hazırda davam etdirilən sığorta maarifləndirməsi layihəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində icra olunur.