SIĞORTA

01 Sentyabr

“PAŞA Həyat” Şuşada təşkil olunmuş “Xarıbülbül” düşərgəsinin tərəfdaşı oldu

29-30 avqust tarixlərində Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı və “PAŞA Həyat” şirkətinin tərəfdaşlığı ilə “Şuşa İli” çərçivəsində mədəniyyət beşiyimiz azad Şuşada “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi baş tutdu. Düşərgənin təşkilinin əsas məqsədi şəhid və qazi övladlarının asudə vaxtlarını səmərəli təşkil etmək, onlarda özünə inam və həmrəylik hisslərini gücləndirmək, keçiriləcək müxtəlif təlim, seminar və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaq idi. 

60 nəfər şəhid və qazi övladının iştirak etdiyi 3 günlük tədbirdə “PAŞA Həyat” şirkətin Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Vəli Məmmədov tərəfindən təqdim olunan gələcək karyera yolunda faydalı ola biləcək “Korporativ ünsiyyət bacarıqları” təlimi maraqla qarşılandı. Təlimin sonunda iştirakçılara şirkət tərəfindən dəyərli hədiyyələr verildi.

Torpaqlarımızın azad edilməsində şəhidlik zirvəsinə ucalmış igidlərimizə Allahdan rəhmət, canından və sağlamlığından keçən hərbçilərimizə isə can sağlığı diləyirik.  Onların övladlarının gələcək Azərbaycanın quruculuğunda layiqli yer alacaqlarından əminik. Bu istiqamətdə təşkil olunan tədbirləri “PAŞA Həyat” daim dəstəkləyib və dəstəkləyəcəkdir.