SIĞORTA

29 Avqust

“PAŞA Həyat” SİMA ilə əməkdaşlığa başladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.

İnteqrasiya prosesinə əsasən “PAŞA Holding” şirkətlər qrupuna daxil olan və hər zaman innovativ həlləri ilə sığorta bazarında liderlik edən “PAŞA Həyat Sığorta” ASC SİMA-nın növbəti sığorta tərəfdaşı oldu.

“PAŞA Həyat Sığorta” ASC-nin müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq “Həyatın Yaşam Sığortası” məhsulundan faydalana biləcəklər. Sənədlərin imzalanmasını SİMA vasitəsilə məsafədən və daha operativ həyata keçirmək mümkündür.

SİMA yeni nəsil rəqəmsal imza başqa sahələr üzrə elektron xidmətlərdən də istifadə etmək imkanı verir. Bunlara rəqəmsal dövlət, bank, bank olmayan kredit təşkilatları (BOKT), mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı Mərkəzindən əldə edə bilərsiniz.