İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və müvafiq yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 2022-ci ilin iyun ayından etibarən regionlarda maarifləndirmə tədbirlərinə start verilib.
İyun-avqust aylarında təşkil olunan maarifləndirici görüşlər respublikanın 12 bölgəsini əhatə edib. Gəncə şəhəri, Göygöl, Siyəzən, Qusar, Ağcabədi, Beyləqan, Ağdam, Füzuli, Salyan, Cəlilabad, Masallı və Astara rayonlarında keçirilən tədbirlərdə Agentliyin Gəncə, Cəlilabad, Quba, Lənkəran və Ağcabədi filiallarının rəhbərləri ilə yanaşı yerli icra hakimiyyəti orqanlarının, həmçinin şəhər və rayon mərkəzi xəstəxanalarının məsul əməkdaşları iştirak ediblər.
Maarifləndirici görüşlərə müxtəlif idarə, müəssisə və təşkilatların, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları və digər əhali kateqoriyalarından vətəndaşlar dəvət olunublar.
Agentliyin filial rəhbərləri tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı vətəndaşlara dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.
Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentliyə dəstək olan bütün tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildirir və əməkdaşlığımızın davamlı olmasını arzulayırıq.
Məlumat üçün bildiririk ki, hər bir qurum əməkdaşlarının icbari tibbi sığorta sistemi haqqında məlumatlılığının artırılması ilə bağlı Agentliyə müraciət edə bilər. Agentlik canlı və ya onlayn formada məlumatlandırıcı sessiya keçirir. Sessiyanın təşkili üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.