2022-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanda fəaliyyət göstərən dörd sığorta şirkətinin yığımları azalıb.
Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Sığorta yığımlarında kəskin azalma üzrə “Azərsığorta” şirkəti liderdir. Belə ki, ötən bir ildə sığorta şirkətin yığımları 86% və ya 40,6 milyon manat azalaraq 6,558 milyon manata enib. Həmçinin, sığorta şirkətinin ödənişləri 66,6% və ya 27,4 milyon manat azalaraq 13,676 milyon manata enib. Sığorta şirkətinin ümumi kiçilməsi əsasən icbari şəxsi sığortalar üzrə fəaliyyətin şirkətdən alınaraq DSMF-yə verilməsi ilə bağlıdır.
Bu dövrdə “Atasığorta”nın yığımları 64,2% və ya 4,9 milyon manat azalaraq 2,726 milyon manata enib. Halbuki, sığorta şirkəti ötən ilin eyni dövründə 7,611 milyon manat sığorta haqqı toplaya bilmişdi. Sığorta şirkətinin ödənişləri isə 22,2% və ya 1,1 milyon manat azalaraq 3,755 milyon manata düşüb. "Azərsığorta"nın ödənişləri yığımlarından 2 dəfə, “Atasığorta”nın isə 1,4 dəfə çox olub.
Bu ilin yeddi ayı üzrə “Günay Sığorta”nın yığımları 34,8% və ya 2,2 milyon manat azalaraq 4,081 milyon manata bərabər olub. Ötən ilin eyni dövründə sığorta şirkəti 6,264 milyon manat sığorta yığımı həyata keçirmişdi. “Günay Sığorta”nın ödənişləri isə 18% artaraq 2,486 milyon manat təşkil edib. Başqa sözlə, zərərlilik göstəricisi 61%-ə bərabər olub.
“Meqa Sığorta”nın yığımları isə son bir illə müqayisədə 11,2% və ya 1,7 milyon manat azalaraq 13,133 milyon manata düşüb. Ötən ilin eyni dövründə sığorta şirkəti 14,782 milyon manat sığorta haqqı toplamışdı. Şirkətin ödənişləri isə bu dövrdə 26,3% artaraq 3,468 milyon manata yüksəlib. Yəni, sığorta şirkəti topladığı hər 100 manatdan 26,4 manatını ödənişə yönəldib.