Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda”nı və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiq edb.
Bununla bağlı Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev müsahibə verib.
- Ziya müəllim, Mərkəzi Bankın mətbuat üçün bugünki açıqlamasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində yeni qaydaların təsdiq edildiyi bildirildi. İlk öncə bilmək istərdik ki, on ildən artıqdır ölkəmizdə tətbiq olunan bu sığorta növünün cəmiyyətimiz üçün hansı faydaları mövcuddur?
- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, qısaca olaraq desək, avto-icbari sığorta 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" Qanunun qəbulundan sonra ölkədə geniş miqyasda tətbiq olunmağa başlanılıb. Bu Qanun nəqliyyat vasitələrinin istifadəsi zamanı baş verən yol-nəqliyyat hadisələri zamanı sürücülər, zərərvuran və zərərçəkən tərəflər arasında yaranan münasibətlərin sivil qaydada tənzimlənməsi baxımından böyük faydalar verdi. Bilirsiniz ki, avto-icbari sığorta nəqliyyat vasitəsi sahiblərinin üçüncü şəxslərin əmakına, səhətinə vurduqları zərərlərin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutur. Bu sığortanın tətbiqindən sonra yol-nəqliyyat hadisələri nəticəsində zərər vuran tərəf maliyyə öhdəliklərindən azad edildi, həm də zərərçəkən tərəfə zərərin ödəniləcəyi ilə bağlı rahatlıq gətirildi. Başqa sözlə, yol-nəqliyyat hadisələri nəticəsində yaranan zərərlərin qarşılanması məsələsi zərərvuran tərəflə zərərçəkən tərəf arasından zərərçəkən tərəflə zərərvuran tərəfin sığortaçısı arasına ötürülmüş oldu. Yəni yol-nəqliyyat hadisələri nəticəsində yaranan mübahisələrin episentri dəyişdi. Nəqliyyat vasitələri istifadəçiləri arasındakı münasibətlərdə əhəmiyyətli rahatlıq və müəyyənlik mühiti yaranmış oldu.
Bir faktı qeyd edim ki, 2021-ci il ərzində baş vermiş 69 min yol-nəqliyyat hadisələri nəticəsində şəxslərin əmlakına və səhətinə dəyən zərərlərin həcmi 74 milyon manat təşkil edib və bu məbləğ sığorta şirkətləri tərəfindən tam ödənilib.
Onu da əlavə edim ki, Qanun qəbul edilkdən sonra ölkədə avto-icbari sığorta sahəsində bir sıra institusional və elektronlaşma tədbirləri də həyata keçirilib. Nəticədə hazırda avto-icbari sığorta şəhadətnamələri elektron qaydada əldə edilir. Bu sahədə sığortalanmaya dövlət nəzarəti də elektron mexanizmlərlə həyata keçirilir. Hazırda ölkəmizdə təqribən 1,4 milyona yaxın avtonəqliyyat vasitələrinin istifadəçilərinin üçüncü şəxslər qarşısında olan məsuliyyətləri sığorta təminatına alınıb.
- Avto-icbari sığorta sahəsində qaydalara edilən yeniliklər hansı zərurətdən irəli gəlir?
- Mərkəzi Bankın avto-icbari sığorta sahəsində qəbul etdiyi yeni qaydalar əsasən iki başlıca zərurətlə bağlıdır. Birincisi, hazırda praktika belədir ki, şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə üçüncü tərəfə zərər vurduğu halda zərərin ödənilməsi prosesi zərərçəkən tərəflə zərərvuran tərəfin sığortaçısı arasında həll olunur. Yəni zərərçəkən tərəf ödənişi öz avto-icbari sığortaçısından deyil, zərərvuran tərəfin sığortaçısından əldə edir. Belə olan halda zərərlərin ödənilməsi prosesi müştəri-biznes münasibətlərindən kənarda baş vermiş olur. Yəni ödənişi alan tərəf müştərisi olmayan sığortaçı ilə qarşı qarşıya qalmış olur. Nəticədə siz avto-icbari sığorta əldə etdiyiniz zaman onu hansı sığortaçıdan alacağınızın fərqi olmur. Çünki, qəza halında zərəçəkən tərəf siz olduğunuz halda hansı sığortaçı ilə üzləşəcəyinizi təxmin edə bilmirsiniz. Və ya əksinə, medalın o biri tərəfinə baxsaq, sığortaçı ödənişi öz müştərisinə ödəmədiyinə görə müştəri məmnunluğu onun hədəfindən kənarda qalmış olur.
Biz bu problemin aradan qaldırılması üçün uğurlu xarici təcrübələrdə gördüyümüz fərqli modeli - zərərlərin birbaşa olaraq zərərçəkən tərəfin öz sığortaçısı tərəfindən tənzimlənməsini, yəni zərərin qiymətləndirilməsi və zərərçəkən tərəfə ödənilməsi mexanizmini tətbiq etməyi qərara aldıq. Zərərlərin birbaşa tənzimlənməsi üzrə yeni Qaydalar yol-nəqliyyat hadisələri hallarında zərərçəkənə ödənişlərin öz sığortaçısı tərəfindən ödənilməsini və həmin ödəniş məbləğinin də subroqasiya qaydasında zərərvuran tərəfin sığortaçısına yönəldilməsini nəzərdə tutur.
Bu yeni münasibətlər zərərlərin qiymətləndirilməsi və ödənilməsi prosesindəki mübahisələri şəxslə sığortaçı arasından zərərvuran və zərərçəkən tərəflərin sığortaçıları arasına ötürür. Beləliklə, zərərlərin qiymətləndirilməsi və ödənilməsi prosesində sığorta istehlakçılarına qarşı daha ədalətli rəftarın meydana gəlməsinə şərait yaradır. Bu qaydaların tətbiqində də əsas məqsəd avto-icbari sığorta sahəsində sığortaçıların sığortalılara qarşı ədalətli rəftarını gücləndirmək və bütövlükdə sığortaya inamı inkişaf etdirməkdir.
İkinci zərurət, avto-icbari sığorta sahəsində sığorta tariflərinin daha ədalətli tətbiqi ilə bağlı idi. Siz bilirsiniz ki, sürücülər nəqliyyat vasitələrinin istifadəsi zamanı üçüncü şəxslərin əmlakına və səhətinə vura biləcəkləri zərərə görə fərqli risk səviyyələrinə malikdirlər. Belə ki, bu risklər sürücünün yaşına, təcrübəsinə, nəqliyyat vasitəsinin istismar müddətinə, nəqliyyat vasitəsinin istifadə olunduğu bölgənin nəqliyyat intensivliyinə görə fərqlənir. Ona görə də həmin risk amillərinə görə yeni tarif əmsalları müəyyənləşdirilib. İndi daha yüksək riskli sürücülər daha çox, daha az riskli sürüclər daha az sığorta haqqı ödəyəcəklər. Eyni zamanda digər şəxslərə avtonəqliyyat hadisəsi nəticəsində zərər vurma tarixçəsinə görə də sığorta haqqına tətbiq olunan bonus-malus sistemi də dəyişdirilib. Daha çox qəza törədən sürücülər daha çox sığorta haqqı ödəməli olacaqlar. Hesab edirik ki, bu, sürücülük intizamının xeyli yaxşılaşmasına gətirib çıxaracaqdır.
- Mərkəzi Bankın avto-icbari sığorta qaydaları çərçivəsində tətbiq etdiyi yeniliklərin məzmunu nədən ibarətdir?
- Qeyd etdiyim kimi avto-icbari sığorta sahəsində zərərlərin birbaşa tənzimlənməsi ilə bağlı qaydalar sığortaçıların sığorta istehlakçılarına müştəri yönümlü xidmət motivasiyasının yaradılması məqsədini daşıyır. Bu qaydalar uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq formalaşdırılıb. Qaydalara görə yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərəri onun avto-icbari sığorta şəhadətnaməsi aldığı sığortaçı tərəfindən qiymətləndiriləcək və ödəniləcək. Daha sonra həmin sığorta ödənişi məbləği üzrə tələb zərərvuran şəxsə avto-icbari sığorta şəhadətnaməsi vermiş sığortaçıya subroqasiya qaydasında yönəldiləcəkdir. Sığortaçıların bir-birilərinə qarşı yönəltdikləri subroqasiya tələbləri həftəlik qaydada qarşılıqlı klirinq olunaraq netləşdiriləcək və bu əsasda sığortaçılar biri-birilərinə ödənişlər edəcəklər. Bu məqsədlə İcbari Sığorta Bürosunun informasiya sistemlərinin bazasında klirinq və hesablaşma sistemi yaradılır. Sığortaçılar arasında qarşılıqlı subroqasiya tələblərinin tam və vaxtında ödənilməsini təminat altına alınması üçün müvafiq maliyyə təminatı mexanizmi də formalaşdırılacaqdır.
Avto-icbari sığorta üzrə sığorta tariflərinin hesablanması qaydalarına edilən dəyişikliklər yuxarıda qeyd etdiyim kimi sığorta haqqının sürücülər tərəfindən daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirilməsini nəzərdə tutur. Əvvəla qeyd edim ki, baza sığorta haqqı, yəni 50 manat dəyişdirilmir və olduğu kimi qalır. Lakin, risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir. Məlumdur ki, sürücünün yaşı və sürücülük təcrübəsi nə qədər azdırsa onun yol-nəqliyyat hadisəsi törətmək riski o qədər yüksəkdir. Ona görə də baza sığorta tarifinə yaş və sürücülük təcrübəsinə görə 1,35-1,05 intervalında əmsallar tətbiq edilir. Digər risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. Yəni, digər bölgələrdə sürücülər daha az sığorta haqqı ödəyəcəklər. Üçüncü amil nəqliyyat vasitəsinin istismar müddətinə bağlıdır. Daha köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ilin aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur. Dördüncü amil nəqliyyat vasitəsini idarə edənlərin sayına bağlı olaraq tətbiq olunan əmsaldır. Əgər nəqliyyat vasitəsini iki və daha artıq şəxs idarə etmək hüququna malikdirsə o zaman baza sığorta haqqına 1,15 əmsalı tətbiq edilir.
Ümumiyyətlə qeyd edim ki, bu risk amilləri hazırda yol-nəqliyyat hadisələri tezliyi statistikasında özünü qabarıq göstərir. Statistikamız göstərir ki, yaş və təcrübəsi aşağı olan sürücülər yuxarı olan sürücülərdən daha çox yol-nəqliyyat hadisəsi törədirlər. Bu eyni zamanda nəqliyyat vasitəsinin istismar müddəti, nəqliyyat intensivliyi amilləri üzrə də özünü empirik olaraq göstərir. Bir faktı qeyd edim ki, Bakı şəhərində yol-nəqliyyat hadisəsinin baş vermə tezliyi bölgələrlə müqayisədə iki, bəzən də üç dəfə yüksəkdir.
Bu qaydalara edilən ən mühüm yenilik sürücülük intizamının gücləndirilməsinə təşviq etmək məqsədilə yol-nəqliyyat hadisənin baş verib verməməsindən asılı olaraq sürücülərə tətbiq olunan güzəşt və ya əlavələr sistemi, bonus-malus sisteminə edilən dəyişiklikdir. Dəyişikliyə əsasən, yol-nəqliyyat hadisələrinin sayına görə tətbiq edilən əlavələr - maluslar sərtləşdirilir.
- Qeyd etdiyiniz islahatların bu sığorta sahəsində hansı nəticələrə gətirib çıxaracağını hesab edirsiniz?
- Ümumiyyətlə, avto-icbari sığorta əksər dünya ölkələrində tətbiq olunur və bu sığorta bazarının drayverlərindən biri hesab olunur. Çünki, bu sığorta növü əhalinin böyük hissəsini əhatə etdiyindən sığorta barədə ilkin ictimai məlumatlığı və sığortaya ictimai münasibətin əsasını formalaşdırır. Ona görə də Mərkəzi Bankın sığorta bazarının inkişafına yönəlmiş islahatlarının episentrində duran hədəflərdən biri də avto-icbari sığorta sahəsində sığortaçı və sığortalı arasında münasibətlərin daha ədalətli tənzimlənməsi, sığortalılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, nəticə etibarilə sığortaya inamın gücləndirilməsi olmuşdur.
Təqbiq edilən yeni qaydalar hesab edirik ki, ilk növbədə sığortaçıların sığortalılara qarşı daha ədalətli davranmalarına güclü stimul yaradır və bu sığortalıların məmnunluğunun yüksəlməsi ilə nəticələnəkdir. Çünki hər bir sığortaçı yol-nəqliyyat hadisəsi zamanı zərərgörən tərəfə öz müştərisi kimi xidmət göstərəcəkdir.
Qaydaların tətbiqinə qədərki praktikada belə idiki, zərərlərin tənzimlənməsində hər bir sığortaçı fərqli yanaşma edir, zərərləri fərqli üsullarla qiymətləndirirdi. Qaydanın tətbiqi isə bütün sığortaçıları zərərlərin tənzimlənməsində vahid yanaşmanın formalaşdırılmasına məcbur edir. Çünki yeni qaydalar sığortaçılar arasında qarşılıqlı tələbləri genişləndirdiyindən onlar vahid tənzimləmə qaydaları ilə çalışmağa meyilli olacaqlar.
Beləliklə, zərərlərin tənzimlənməsinə vahid yanaşmaların gətirilməsi, bu zaman hər bir sığortaçının öz müştərisinə xidmət göstərməsi ilk növbədə bu sahədə keyfiyyətin yüksəlməsi ilə nəticələnəcəkdir. Keyfiyyətin yüksəlməsi, sığortalılara qarşı ədalətli rəftarın güclənməsi avto-icbari sığortaya, deyərdim ki, bütövlükdə sığortaya ictimai münasibətin pozitiv dəyişməsi və istehlakçıların şikayətlərinin xeyli azalması ilə nəticələnəcəkdir.
Sığorta haqlarının hesablanması prosesinə gətirilən yeni qayda, yəni nəqliyyat sahiblərinin daşıdığı riskə görə sığorta haqqı ödəməsi bu sahəyə daha ədalətli yanaşma gətirilməsi, sığorta haqları ilə sığorta ödənişləri arasında balansın yaradılmasına xidmət edir. Onu da qeyd edim ki, avto-icbari sığorta növü üzrə tariflər elə müəyyən edilmişdir ki, bu sığorta növü üzrə sığortaçılar gəlir əldə etmirlər. Lakin, bu sığorta növü sığortaçılara digər sığorta risklərinin təminat altına alınması üçün istehlakçılara başqa sığorta məhsullarını təklif etmələri üçün əlverişli biznes şəbəkəsi formalaşdırır. Ona görə də hesab edirik ki, avto-icbari sığorta sahəsində istehlakçı məmnunluğunun artması digər sığorta sinifləri üzrə penetrasiyanı artıra biləcəkdir.
- Haqqında danışdığınız islahat tədbirlərinin işlənməsi üçün hansı ölkələrin müvafiq təcrübələrindən istifadə olunub?
- Avto-icbari sığorta sahəsində həm uzun tarixi təcrübəyə malik Avropa ölkələrinin, həm də bizim yerli xüsusiyyətlərə yaxın olan post-sovet məkanı ölkələrinin təcrübələri ətraflı öyrənilib. Xüsusilə, Pribaltika ölkələri, qonşu Türkiyə, Rusiya və Qazaxstan respublikalarının müvafiq təcrübələri xüsusi qaydada mənimsənilmiş, bu ölkələrin təcrübəli ekspertləri ilə intensiv təmasda müzakirələr və təcrübə mübadilələri aparılıb. Hər bir ölkənin daha uğurlu təcrübəsinin yerli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqinə üstünlük verilib.
Onu da qeyd edim ki, ölkəmizdə avto-icbari sığorta sahəsində formalaşmış onillik təcrübəmiz bu sahədə daha qabaqcıl institusional mexanizmlərin tətbiqinə imkan yaradıb. Bunun nəticəsidir ki, biz qabaqcıl təcrübədə özünü doğrultmuş zərərlərin birbaşa tənzimlənməsi mexanizmini ilk dəfə tətbiq etməyə başlayırıq.
- Avto-icbari sığortası olanların nəyi bilmələri vacibdir, avto-icbari sığortalıların hüquqları nədən ibarətdir və bu hüquqlar necə qorunmalıdır?
- “İcbari sığortalar haqqında” Qanunda avto-icbari sığorta ilə bağlı sığortalının və sığortaçının başlıca hüquq və vəzifələri müəyyən edilib. Əvvəla qeyd edim ki, sığortalı bu sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olan istənilən sığortaçını seçmək hüququna malikdir. Sığortaçı isə müraciət etmiş şəxslə sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz.
Ən vacib məsələ, sığortalı dəymiş zərərlə əlaqədar sığortaçının apardığı qiymətləndirmə nəticələrinin ona verilməsini tələb etmək hüququ vardır. Əgər sığortalı ona dəymiş zərərlə əlaqədar sığortaçının müəyyən etdiyi ödəniş məbləği ilə razılaşmırsa o zaman müstəqil ekspertizanın keçirilməsini tələb edə bilər. Zərərçəkən tərəf zərər qiymətləndirildikdən sonra hadisə üzrə sənədlərdən sonuncusu verildikdən sonra 7 iş günü müddətində dəymiş zərər məbləğinə uyğun sığorta ödənişinin verilməsini tələb etməlidir. Həmin müddətdə ödəniş həyata keçirilmədikdə gecikdirilmiş hər gün üçün dəbbə pulu da tələb oluna bilər. Sığortalının bütün bu hüquqlarının təmin edilməsi sığortaçının vəzifəsidir.
Qanun sığortalıya münasibətdə olduğu kimi sığortaçının da hüquqlarını müəyyən edir. Sığortalılar da bilməlidir ki, sığortaçı sığortalı ilə müqavilə bağlayarkən əmlaka baxış keçirilməsini, onunla bağlı zəruri sənədlərin verilməsini tələb edə bilər. Eyni zamanda, hadisə zamanı zərərin qiymətləndirilməsi üçün sığortaçıya tam şərait yaradılmalıdır. Sığortaçı zərəri ya özü, ya da yardımçı hüquqi şəxslər və ya ekspertlər vasitəsilə qiymətləndirə bilmək hüququna malikdir.
Əlavə olaraq qeyd edim ki, sığortalıların hüquqları sığortaçılar tərəfindən pozulduğu halda Azərbaycan Mərkəzi Bankına müraciət etmək hüquqları var. Hər il 3 minə yaxın şəxs bu hüquqdan yaralanaraq Mərkəzi Banka müraciət göndərir. Deyim ki, Mərkəzi Bankda şikayətçilərin müraciətlərinin vaxtında və operativ qəbul edilməsi üçün müxtəlif imkanlar yaradılmışdır. Belə ki, istənilən şəxs Mərkəzi Bankın veb-səhifəsi, qaynar telefon xətti vasitəsilə müraciət ünvanlaya bilər. Fiziki görüş üçün də imkanlar yaradılmışdır. Mərkəzi Bank hər bir daxil olan müraciətə qanunvericiliyə uyğun olaraq operativ qaydada ədalətli baxılmasını təmin edir.
© Report