SIĞORTA

03 Avqust

Azərbaycanda bu sürücülər üçün avto-icbari sığorta bahalaşır

Avto-icbari sığorta üzrə sığorta tariflərinin hesablanması qaydalarına edilən dəyişikliklər yuxarıda qeyd etdiyim kimi sığorta haqqının sürücülər tərəfindən daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirilməsini nəzərdə tutur. 

"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev bildirib.

O qeyd edib ki, baza sığorta haqqı, yəni 50 manat dəyişdirilmir və olduğu kimi qalır. Lakin, risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir: 

"Məlumdur ki, sürücünün yaşı və sürücülük təcrübəsi nə qədər azdırsa onun yol-nəqliyyat hadisəsi törətmək riski o qədər yüksəkdir. Ona görə də baza sığorta tarifinə yaş və sürücülük təcrübəsinə görə 1,35-1,05 intervalında əmsallar tətbiq edilir. 

Digər risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. Yəni, digər bölgələrdə sürücülər daha az sığorta haqqı ödəyəcəklər. 

Üçüncü amil nəqliyyat vasitəsinin istismar müddətinə bağlıdır. Daha köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ilin aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur.

Dördüncü amil nəqliyyat vasitəsini idarə edənlərin sayına bağlı olaraq tətbiq olunan əmsaldır. Əgər nəqliyyat vasitəsini iki və daha artıq şəxs idarə etmək hüququna malikdirsə o zaman baza sığorta haqqına 1,15 əmsalı tətbiq edilir.