İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu İxtisasartırma Proqramlarının tərəfdaşlığı çərçivəsində icra edilən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün Potensialın Gücləndirilməsi Proqramı” yekunlaşıb. "Fins.az" xəbər verir ki, ixtisasartırma Proqramları tərəfindən təşkil olunan təlim kursu cari ilin aprel ayında başlayıb. Təxminən 3 ay davam edən kursda Agentlik və TƏBİB-in 70 əməkdaşı iştirak edib.
Proqramın bağlanış mərasimində Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov, ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, İnstitutun direktor müavini Aygün Hacıyeva və ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova iştirak ediblər.
Proqram çərçivəsində ADA Universitetində keçirilən təlim kursunda komandaların idarəedilməsi və motivasiya, strateji planlama, qətiyyətli liderlik, böhran kommunikasiyasının idarəedilməsi, eləcə də layihələrin idarəedilməsi, çevik idarəçilik, danışıqların aparılması bacarıqları və digər mövzular tədris olunub.
Prorektor Fariz İsmayılzadə təlim kursunu bitirmələri münasibəti ilə hər iki qurumun əməkdaşlarını təbrik edib. O bildirib ki, müasir dövrdə əmək bazarında artan rəqabət yeni bilik və bacarıqlara yiyələnməyi tələb edir: “Müasir dövrdə bütün sahələrdə mühit sürətlə dəyişir, yeniliklər yaranır. Bu isə hər zaman peşəkar bilik və bacarıqlarımızı təkmilləşdirməyi, ofisdən kənara çıxıb yeni biliklər öyrənməyimizi tələb edir. Bu bizim peşəkar inkişafımız üçün faydalıdır. Çünki rəqabət yüksək olan bir cəmiyyətdə kadrlarımız hər zaman öz üzərində çalışmalıdır ki, təşkilatın işində uğur qazana və rəqabətə dözə bilsinlər. Dəyişən tələblərlə uzlaşa bilmək üçün təlimlər faydalı bir vasitədir. Təşəkkür edirəm ki, sizin qurumların rəhbərliyi bu tendensiyaları düzgün qiymətləndirərək sizləri bu təlimlərə cəlb edib”.
Daha sonra çıxış edən Zaur Əliyev Agentliyin və TƏBİB-in əməkdaşlarına təlimlərdə iştirak etmə imkanı yaratdığı üçün ADA Universitetinə təşəkkürünü ifadə edib: “Elmin bütün sahələri, təhsil, texnologiyalar sürətlə inkişaf edir. Bu cür sürətli inkişafın önündə getmək və ona uyğunlaşmaq çox vacibdir. Bu baxımdan insan kapitalını mütəmadi inkişaf etdirmək, yüksək hazırlığa malik kadr potensialını formalaşdırmaq kimi məsuliyyətli işin yerinə yetirilməsində ADA Universitetinin əməyi təqdirəlayiqdir. İnsan resurslarının bacarıqlarına investisiyaların yatırılması insan kapitalının inkişafına və ümumilikdə ölkənin bütün sahələrdə uğurlu nəticələr əldə etməsinə imkan yaradır. Sevindirici haldır ki, ADA Universitetinin bu şərəfli missiyasından bizim Agentliyin əməkdaşları da yararlanıb”.
Nigar Bayramova əməkdaşların bilik və bacarıqlarının artırılması baxımından təlim proqramının əhəmiyyətindən danışıb: “Bu təlimlər əməkdaşlarımızın peşəkar fəaliyyətinin inkişafında çox əhəmiyyətli rol oynayacaq. Hər bir qurum və müəssisənin uğurlu fəaliyyəti onun kadrlarının potensialı və işə yanaşması ilə əlaqəlidir. Vəzifəsindən və səlahiyyətindən asılı olmayaraq hər bir əməkdaşın özünü inkişaf etdirməsi elə müəssisənin inkişafı deməkdir. Əlbəttə ki, bu müvəffəqiyyətə nail olmağın yolu hər iki tərəfin – həm rəhbərliyin, həm də əməkdaşın təşəbbüs və qətiyyətinə bağlıdır. Rəhbərlik ümumi irəliləyişi təmin etmək üçün resurslardan səmərəli istifadə edərək kadrlara maddi və mənəvi olaraq bütün lazımi şəraiti yaratmalı, əməkdaş da bu imkandan səmərəli yararlanmalıdır”.
Vüqar Qurbanov çıxışında təlim kursunu bitirən iştirakçıları təbrik edib: “Proqram çərçivəsində kurs keçən əməkdaşlarla ünsiyyət zamanı onlar təlimlərin peşəkar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, yeni biliklər əldə etmə baxımından əhəmiyyətini vurğulayırdılar. TƏBİB olaraq bu əməkdaşlığın bir parçası olmaqdan məmnunluğumuzu dilə gətirmək istərdim. Hazırda tabeli tibb müəssisələrində çalışan şəxslərin də bilik və bacarıqlarının artırılması əsas hədəflərdəndir. Son bir neçə aydır ki, bu hədəf üçün böyük yol qət etmişik və əldə olunan nəticələr işin gedişatında özünü büruzə verir. Əminəm ki, təlim iştirakçıları burada qazandıqları təcrübə və bacarıqları öz sahələri üzrə tətbiq edəcək və digər həmkarları ilə də bölüşəcəklər. Bu isə xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun daha da artmasına öz müsbət təsirini göstərə biləcək. Həmçinin, tabeli tibb müəssisələrində çalışan istər tibb, istərsə də qeyri-tibb işçilərinin inkişafı istiqamətində də sıx əlaqələr xüsusi rol oynayacaq”.
Təlim kursunun məzunlarına sertifikatlar təqdim edildikdən sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, ötən ilin sentyabr ayında ADA Universiteti ilə Agentlik arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi Agentliyin Universitetlə əməkdaşlığının genişləndirilməsi çərçivəsində karyera hazırlığı, kadrların peşəkar inkişafı, tələbə yönümlü və digər layihələrə dəstək sahəsində birgə fəaliyyətə töhfə verməkdir.