"Fins.az" "Meqa Həyat" Sığorta şirkətinin İcraçı direktoru Uğur İbrahimlinin Rusiya və Ukrayna arasında davam edən müharibənin sığorta bazarına təsirləri barədə məqaləsini təqdim edir.
Bir aya yaxındır ki davam edən Rusiya-Ukrayna müharibəsinin, eləcə də Qərb dünyasının Rusiyaya qarşı iqtisadi sanksiyalar şəklindəki cavabının sığorta bazarına ciddi təsirlərinin qaçılmaz olacağını indidən proqnozlaşdırmaq olar. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar təkcə Rusiya sığorta bazarına deyil, birbaşa olaraq qlobal sığorta bazarına təsir edəcək, dünya sığorta bazarında sığorta haqlarının həcmində azalmalara, biznesin kiçilməsinə, eləcə də, yaranmış zərərlərin ödənilməsi üçün mülki iddaların artmasına səbəb olacaqdır.
Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsindən sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya və bir sıra digər ölkələr Rusiya şirkətlərinə, eləcə də, bəzi fiziki şəxslərə qarşı iqtisadi sanksiyalar tətbiq etdilər. Bu sanksiyaların bir qismi birbaşa olaraq Rusiya sığorta şirkətlərinin qlobal sığorta bazarına girişini bloklaşdırmağı və digər bir sıra məhdudlaşdırmaları da nəzərdə tutur.
Ehtimal etmək olar ki, ən böyük zərbə aviasiya və kosmik risklərin sığortalanması biznesinə dəyəcək. Belə ki, Böyük Britaniya və Avropa Birliyi açıq şəkildə elan ediblər ki, Rusiya sığorta şirkətlərinə bu bizneslər üzrə təkrarsığorta təminatı təqdim etməyəcəklər. Bundan əlavə dəniz risklərinin (marine), ixracat kreditlərinin (trade credit) və siyasi risklərin (political risks) təkrarsığortalanması da birbaşa olaraq məhdudlaşdırıla bilər.
Aviasiya risklərinin təkrarsığortası üzrə dünya lideri olan London sığorta bazarının ən böyük narahatlığından biri beynəlxalq sanksiyaların tətbiqindən və bir çox ölkələrin Rusiya üçün hava məkanın bağlamasından sonra Rusiya ərazisində ilişib qalan 500-dən çox təyyarənin Rusiya höküməti tərəfindən milliləşdirilməsi qərarı ilə bağlıdır. Rusiya Duması tərəfindən təcili olaraq qəbul edilən yeni qanuna əsasən "milli nəqliyyat sisteminin stabil fəaliyyətini təmin etmək" məqsədi ilə ölkə daxilində olan xarici nəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına və qeydiyyatına icazə verilir. Böyük ehtimal bu qanunla Rusiya ölkədən çıxa bilməyən xarici ölkələrə məxsus təyyarələrin milliləşdirilməsini həyata keçirəcək və daxili marşrutlar üçün uçuşlarda istifadə edəcək. Bəzi mənbələrə əsasən Rusiya ərazisində təxminən 10 milyard dollar dəyərində 515 təyyarənin olduğu bildirilir.
Sanksiyaların tətbiq edilməsi ilə bərabər Avropanın nəhəng sığorta konsernləri də Rusiya sığorta bazarından çıxacaqlarını artıq elan ediblər. Almanyanın Allianz şirkəti Rusiyadakı biznesini minimuma endirəcəyini və bundan sonra Rusiya və Belarusda kapital qoyuluşları etməyəcəyini bildirib. İsveçrənin Zurich Insurance şirkəti də Rusiyada fəaliyyətini dayandırdığını elan edib. Dünyanın ən böyük təkrarsığorta şirkətlərindən olan Swiss Re isə Rusiya və Belarusdan təkrarsığortaya biznes qəbul etməyəcəyini, mövcud müqavilələrin isə yenilənməyəcəyini elan edib. Eyni yanaşmanı digər alman təkrarsığorta nəhəngi Hannover Re də tətbiq edəcək.
Dünyanın top 3-lüyündə yer alan beynəlxalq broker şirkətləri Marsh, AON və Willis Towers Watson da Rusiya bazarından çıxmaq qərarı alıblar. Rusiyanın İnqosstrax şirkətində 38% paya sahib olan İtalyan konserni Generali də Direktorlar Şurasını tərk edib, Moskva ofislərini bağlayaraq Rusiyada fəaliyyətini dayandırıb.
Rusiya sığorta şirkətlərinin beynəlxalq təkrarsığorta bazarlarına girişinin məhdudlaşması rus şirkətlərinə, eləcə də bizneslərə ciddi təsir edəcək. Nəzərə alsaq ki, aviasiya, kosmik, dəniz, eləcə də energetik və digər iri risklərin təkrarsığortası üzrə dünyanın əsas mərkəzi məhz Avropa sığorta bazarıdır (Lloyds və s.), rus şirkətləri təkrarsığorta təminatı tapmaqda ciddi çətinliklərlə rastlaşacaqlar. Problemin həlli sanksiyalara qoşulmayan və Rusiya ilə əməkdaşlığa üstünlük verən digər təkrarsığorta bazarlarında partnyorlar tapmaq və Rusiyanın dövlət təkrarsığorta şirkəti olan “Rusiya Milli Təkrarsığorta Şirkəti”-nin (Российская Национальная Перестраховочная Компания) inkişaf etdirilməsi ola bilər.
Rusiya-Ukrayna müharibəsinin əsas tərəfi olan Ukraynanın bütün ərazisi hal-hazırda “müharibə ərazisi” hesab edilir. Sığorta münasibətlərində isə bir qayda olaraq bütün sığorta müqavilələrində “müharibə” riski sığorta təminatından istisna edilir. Başqa sözlə desək, qüvvədə olan müqavilələr müddətin bitmə tarixinə qədər davam edəcək, lakin təminat çox məhdud olacaq və müharibə ilə əlaqədar birbaşa və ya dolayı yolla yaranmış zərərlər sığorta təminatına daxil edilməyəcək. Ölkədə mövcud olan müharibə şəraitini nəzərə alaraq xarici sığorta və təkrarsığorta şirkətləri də Ukraynada olan müqavilələrini yeniləməyə və ya yeni risk cəlb etməyə maraqlı olmayacaqlar. Nəticədə Ukraynada zərərlərin sığorta şirkətləri tərəfindən qarşılanmasında, eləcə də risklərin sığortalanmasında və təkrarsığortalanmasında ciddi problemlər yaranacaq.
Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsinə görə tətbiq edilən ən önəmli sanksiyalardan biri də pul köçürmələri əməliyyatları üçün istifadə edilən SWİFT sistemindən bir sıra Rusiya banklarının çıxarılması oldu. Bu qadağa digər sahələrdə olduğu kimi sığorta və təkrarsığorta haqlarının ödənilməsində, eləcə də sığorta hadisələri zamanı zərər ödənişlərinin köçürülməsində ciddi problemlər yaradacaq.
Azərbaycanda da bəzi sığorta şirkətlərinin Rusiya sığorta bazarı ilə əməkdaşlığını, risklərin rus sığorta və təkrarsığorta şirkətlərində təkrarsığortalandığını nəzərə alaraq ödənişlər zamanı yerli şirkətlərin müəyyən problemlərlə üzləşəcəyi qaçılmazdır. Ola bilsin ki, Azərbaycan sığortaçıları rus şirkətləri ilə təkrarsığorta əməkdaşlığını azaltmalı və digər sığorta bazarlarına üz tutmalı olacaqlar. Burda qeyd edilməli əsas məqam isə təkrarsığorta tarifləri ilə bağlıdır. Yerli sığortaçılarımızın Rusiya bazarı ilə əməkdaşlıq etməsinin əsas səbəbi (əsasən də əmlak sığortası üzrə risklərin təkrarsığortalanması zamanı) təkrarsığorta qiymətlərinin aşağı olması ilə bağlı idi, lakin ödəniş zamanı yarana biləcək problemləri nəzərə alaraq məcburiyyətdən digər bazarlara üz tutan şirkətlər daha yüksək qiymətlərlə (əsasən Avropa sığorta bazarında) üzləşməli olacaqlar. Nəticədə isə təkrarsığorta tariflərinin artması sığorta şirkətlərinin də qiymət artımına getməsinə səbəb ola bilər. Hər bir halda bunu zaman göstərəcək.
Məqalədə qeyd olunanlar hadisələrin hazırkı gedişat vəziyyətinə əsaslanır və dəyişikliklər hər an baş verə bilər. Gedişatdan asılı olmayaraq, əminliklə demək olar ki, bu müharibə hər iki ölkənin sığorta bazarlarına ciddi təsir etməklə yanaşı qlobal sığorta bazarına həm birbaşa, həm də dolayı yolla öz təsirini göstərəcək