SIĞORTA

14 Mart

Azərbaycan və Türkiyə "Yaşıl Kart" sığorta sistemləri inteqrasiya  olunur-ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANIB

 

Azərbaycan İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında Yaşıl Kart sistemlerinin inteqrasiyası üzrə əməkdaşlıq protokolunun imzalanması mərasimi keçirilib
“Fins.az”-ın məlumatına görə mərasimdə bildirilib ki, beynelxalq xarakter daşıdığı üçün Yaşıl Kart Sistemində Milli Sığorta Büroları arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, iki qardaş ölkə Türkiyə və Azərbaycanın Yaşıl Kart Sığorta Büroları olan Türkiye Motorlu Taşıt Bürosu və İcbari Sığorta Bürosu arasında imzalanan əməkdaşlıq protokolu Yaşıl Kart Sistemi sahəsində tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın təmin edilməsi məqsədi daşıyır.
Türkiyə və Azərbaycan gömrük-sərhəd keçid məntəqələrində hər iki ölkənin Yaşıl kartlarının etibarlılığını rəqəmsal texnologiyalardan istifadə edilməklə yoxlanılması mümkün olacaq.Tərəflər müvafiq qanunvericiliyin tələblərinə uyğun olmaqla məlumat mübadiləsi aparacaq və Yaşıl Kart məlumatları ilə bağlı gömrük-sərhəd keçid məntəqələrinə zəruri köməkliyin göstərilməsi işini təmin edəcəklər.
Tərəflər arasında elektron sistemlərin inteqrasiyası Yaşıl Kart Sisteminə qoşulmuş digər üzv ölkələr üçün nümunə təşkil etməklə yanaşı rəqəmsal nəzarəti təmin edilməsinə imkan yaradacaq.İki qurum arasında aparılan inteqrasiya işləri saxta”Yaşıl Kart”ın etibarlılığı elektron qaydada müəyyən ediləcək.Bu da öz növbəsində saxta “ Yaşıl Kart” sığorta şəhadətnaməsi ilə ölkəyə girişin qarşısını almış olacaq.
Icbari Sığorta Bürosunun təşəbbüsü ile Türkiyə və Azərbaycanın Yaşıl Kart Sığorta Büroları arasında həyata keçirilən inteqrasiya Beynəlxalq Bürolar Şurasının fəaliyyətində ilk təcrübədir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə işçi Qrupunun nəzdində fəaliyyət göstərən Yaşıl Kart Sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və beynəlxalq avtonəqliyyat Yaşıl Kart Sistemi çərçivəsində zərərlərin tənzimlənməsi üçün yaradılmışdır.
Azərbaycan və Türkiyə Yaşıl Kart Sığorta Büroları olan İcbari Sığorta Bürosu və Türkiyə Motorlu Taşıt Bürosu 46 ölkənin Sığorta Bürolarının təmsil olunduğu və beynəlxalq yol-nəqliyyat hadisəsində zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsini təmin edən Yaşıl Kart Sistemi üzrə əlaqələndirici ixtisaslaşdırılmış təşkilat kimi Bürolar Şurasının üzvləridir.