SIĞORTA

10 Mart

Nigar Bayramova Caspian Energy Club-un üzvləri ile görüş keçirib

Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.

Bu barədə "Fins.az"-a “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova  əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və daha çox tibbi xidmətdən icbari tibbi sığorta çərçivəsində yararlanmaq üçün Xidmətlər Zərfinə dəyişikliyin ediləcəyini bildirib: “Hazırda Xidmətlər Zərfi ilə 2550 sayda tibbi xidmət təminata alınıb. Dəyişikliyə əsasən xidmət sayının 3000-dən çox olması nəzərdə tutulur”. 

N.Bayramovanın sözlərinə görə orqan - böyrək və qaraciyər köçürmələri icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək. Həmçinin endoprotezləşdirmə əməliyyatları ilə bağlı illik limit 300-dən 1200-ə qaldırılacaq.

“Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Nigar Bayramovaya təşəkkür edib. Telman Əliyev İcbari Tibbi Sığorta ilə Caspian Energy Club arasında birge ikitərəfli işçi qrupun aktiv fəaliyyətini də diqqətə çatdırıb. Qeyd edək ki, ikitərəfli işçi qrup mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.