SIĞORTA

30 Sentyabr

“Atəşgah“ sığorta şirkətindən icbari sığorta növlərinə məhdudiyyət qoyulmasına REAKSİYA

“İcbari sığorta növləri üzrə müvafiq lisenziyaya malik olan sığorta şirkətlərinin hər hansı bir icbari sığorta növü üzrə məhdudiyyətlər təyin etməsi düzgün deyil”.

Bunu Fins.az-a "Atəşgah" Sığorta Şirkətinin İdarə Heyəti Sədrinin müavini Fuad İsmayılov deyib.

“ “Atəşgah” Sığorta Şirkəti də öz növbəsində icbari sığorta növləri üzrə müvafiq lisenziyalara malikdir. Şirkətimiz sistemini təkmilləşdirmək və müştərilərimizin icbari sığorta növlərini rahat, əlçatan və çevik şəkildə əldə etməsi naminə daim çalışır. Belə ki, müştərilərin rahatlığını düşünərək, zamana qənaət etməsi üçün onlayn sistemlər də yaratmışıq. Müştərilər nəinki canlı şəkildə satış ofislərimizə yaxınlaşaraq sığorta məhsullarımızı əldə edə bilə, eləcə də sosial şəbəkələr, "WhatsApp" və veb səhifəmiz vasitəsilə onlayn şəkildə müraciət edib sığorta məhsulunu əldə edə bilərlər. Əfsuslar olsun ki, bir sıra vətəndaşlarımız texniki səbəblərdən dolayı onlayn məhsul əldə etməkdə çətinlik çəkirlər. Bu kimi müştərilərimiz üçün satış ofislərimiz də xidmət göstərməkdədir.

Həmçinin, NVSMMİS növü üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xüsusi texnika sığortalanarkən həmin nəqliyyat vasitələri barədə olan məlumatlar, həmçinin sahibkarın müvafiq göstəriciləri vətəndaşlar tərəfindən sistemdə səhv qeyd olunması faktları mövcuddur. Bu halda isə, vətəndaş fiziki şəxs kimi qeydiyyatdan keçməklə tarifin düzgün hesablanmamasına səbəb olur, həmçinin sığorta hadisəsi üzrə tənzimləmə prosesində problemlər yaranır. Bu kimi nüansların olmaması üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların satış ofislərinə yaxınlaşaraq müvafiq sənədləri təqdim etməklə  sığorta məhsulunu əldə etməsi daha məqsədəuyğundur”.

Tuncay Türbəndəzadə