Bu ilin yanvar-avqust aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 12-nün ödənişləri illik müqayisədə artıb, 5-nin ödənişləri azalıb, 3 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat Sığorta” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkət 8 ay ərzində 233 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 23 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Meqa Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 3,305 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 15,8% çoxdur.