SIĞORTA

24 Sentyabr

Sığortaçılar Assosiasiyası BMT-nin layihəsi çərçivəsində xeyriyyə aksiyası keçirib

Azərbaycan Sığortaçılar Assosiasiyası BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə” çərçivəsində layihələrin həyata keçirilməsinə dair təşəbbüsünə qoşularaq təşkil etdiyi xeyriyyə aksiyasını uğurla yekunlaşdırıb.

ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının “Daha sağlam və sığortalı gələcək üçün” şüarı ilə başlatdığı xeyriyyə aksiyasına yerli sığorta bazarı iştirakçıları da qoşulub. Aksiya çərçivəsində aztəminatlı ailələrə və uşaq sığınacaqlarındakı məktəblilərə tədris ləvazimatları tədarük edilib.

Xeyriyyə layihəsi çərçivəsində sığorta şirkətlərinin ianələri əsasında toplanmış məktəbli ləvazimatları 3 sığınacaq, 1 əlil uşaqlar üçün reabilitasiya mərkəzi və 26 aztəminatlı ailədəki ümumilikdə 120 məktəbli uşağa hədiyyə edilib.

ASA-dan verilən məlumata görə, bu kimi korporativ sosial məsuliyyət layihələri növbəti dövr ərzində də sığorta şirkətlərinin dəstəyi ilə mütəmadi olaraq həyata keçiriləcək.

Qeyd edək ki, bu günə olan hesabata görə, dünyada hazırda 160 milyona yaxın uşağın əməyi istismar edilir. Məhz bu məqsədlə də BMT 2021-ci ili “Uşaq əməyinin istismarının aradan qaldırılması ili” elan edib. Təşkilatın bu istiqamətdə başlıca hədəfi 2025-ci ilə qədər uşaq əməyinin istismarının qarşısının tamamilə alınması yönündə layihələrin mütəmadi olaraq həyata keçirilməsidir.