Ölkəmizdə cənab prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiya institutu yaradılmış, onun fəaliyyətinin təmin edilməsi üçün qanunvericilik bazası formalaşdırılmış, Mediasiya Şurası təsis edilərək fəaliyyətə başlayıb.
250-dək mediatoru birləşdirən Şuranın videokonfrans formatında geniş iclası keçirilib.
Mediasiya institutunun faktiki olaraq fəaliyyət göstərdiyi 2 ayadək müddət ərzində bu sahədə mühüm təşkilati tədbirlərin həyata keçirildiyi, mediasiyanın tətbiqi ilə bağlı 4000-dən çox müraciətə baxıldığı bildirilib.
İclasda həmçinin Şuranın ilkin fəaliyyət nəticəsi müzakirə olunub.
Qeyd edilib ki, ədalət mühakiməsinin həyata keçirilməsi və məhkəmələrin iş yükünün azaldılmasında mühüm rolu olan mediasiyanın ilkin təcrübəsinin öyrənilməsi və bu institutun səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Mediasiya Şurası və digər aidiyyəti qurumlarla birgə məhkəmələrdə monitorinqlərin keçirilməsi təşkil olunub.
Monitorinqlər zamanı bir sıra çatışmazlıqlar, o cümlədən işlərin bölüşdürülməsi qaydasında qüsurlar, bu sahədə müstəsna əhəmiyyəti olan «Mediasiya.org» portalının funksionallığının artırılması ehtiyacı və s. aşkar edilib.
Tədbirdə həmin hallar diqqətə çatdırılıb, onların aradan qaldırılması üçün tədbirlər müəyyən edilmiş, o cümlədən Qaynar Xəttin yaradılmasının zəruriliyi bildirilib.
Çıxış edən mediatorlar mediasiya fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, o cümlədən tərəflər arasında münaqişələrin azaldılması və mübahisələrin onları razı salacaq şəkildə həlli üçün mediatorların üzərinə düşən vəzifələri qeyd etmiş, görülən tədbirlərin yeni qurulan mediasiya fəaliyyətinin səmərəliliyinə töhfə verəcəyinə əmin olduqlarını ifadə edib.