Ölkənin tanınmış sığorta mütəxəssislərindən biri, sığorta təlimçisi Şükür Hüseynov sığorta ilə bağlı ən çox səslənən sualları Fins.az üçün cavablandırıb.
Fins.az təlim iştirakçılarından, sığorta vasitəçilərindən və oxuculardan daxil olan sığortaya dair bəzi mübahisə doğuracaq sualları və cavabları təqdim edir.
Avtomobilini etibarnamə ilə satan şəxs satdığı avto-nəqliyyat vasitəsinə aid qüvvədə olan mülki məsuliyyətin icbari sığortası müqaviləsinə xitam vermədikdə, gələcəkdə hansı xoşagəlməz hal yarana bilər?
Bu cür hallarda gələcəkdə həmin icbari sığorta ilə bağlı arzuolunmaz vəziyyət yarana bilər. Belə ki, avtomobilin yeni sahibinin müqavilə müddəti ərzində həmin avtomobillə səbəb olduğu qəzalara görə Bonus-Malus sistemi çərçivəsində hesablanan Malus əmsalları (cərimələr) icbari sığorta müqaviləsi adına olduğundan avtomobilin keçmiş sahibinə yazılır, bu da onunla nəticələnir ki, sonuncu gələcəkdə başqa bir avtomobil alıb onunla bağlı icbari sığorta müqaviləsi bağlayarkən ona yazılmış həmin Malus əmsalları üzündən daha yüksək sığorta haqqı ödəməli olur. Məsələn, əgər avtomobilin yeni sahibi bir neçə yol-nəqliyyat hadisəsi törədərsə, nəticədə əvvəlki sahibin adına yazılacaq Malus əmsalı hətta ən yüksək cərimə sinfi olan 1-ə kimi çata bilər, bu isə gələcəkdə yeni icbari sığorta müqaviləsi bağlandığı zaman ödəniləcək sığorta haqqının üç dəfəyədək artmasına səbəb olacaq. Odur ki, ANVSMMİS müqavilələrini bağlayan satıcı və agentlərimiz, gələcəkdə bu cür halın yaranmaması üçün müqavilə bağlanarkən bunu avtomobil sahiblərinin diqqətinə çatdırmalıdır. Başqa sözlə, sığortalının nəzərinə çatdırılmalıdır ki, gələcəkdə o, avtomobilini satası olsa, mütləq qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verməlidir.
Sığorta hadisəsindən sonra qəza ekspertlərinin kobudluğu, yaxud qeyri-adekvat hərəkətləri nəticəsində müştərilər bizdən narazı qalır və üz döndərirlər. İndiki kəskin rəqabət şəraitində bu nə dərəcədə doğrudur? Hansısa formada satıcılarla qəza ekspertlərinin qarşılıqlı fəaliyyətini koordinasiya etmək olmazmı?
Məncə, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Onsuz da çətin olan ödəniş tənzimlənməsi prosesinə satıcıların da hansısa formada müdaxilə etməsi bu işi daha da qəlizləşdirərdi. Lakin o da başa düşüləndir ki, sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı xidmətin keyfiyyəti qaldırılmalıdır. Zərər tənzimləyicisi peşəkar etiketini qorumalı, sığortalıların hisslərini başa düşməli, onlarla anlaşıqlı bir tərzdə danışmalı, səmimi rəftar etməlidir. O, bir növ diplomat olmalı və müştərilərin sığortaçıdan narazı qalmasına yol verməməlidir. Burada Konstantin Madey-in bir aforizmi yerinə düşərdi: “Əgər siz peşəkar diplomat oldunuzsa, o zaman mütləq sığorta polisi əldə edin. Əgər siz peşəkar sığortaçı oldunuzsa, o zaman mütləq diplomatiyanın sirlərinə yiyələnin”.
Ayrı-ayrı sığorta agentlərinin və bütövlükdə sığortaçının icbari sığorta portfelinin oğurlanması ilə bağlı vəziyyət gündən-günə pisləşir. Məlumatların kənara sızmaması üçün hansı tədbirləri görməliyik?
Bütün sığorta bazarını bürüyən bu hal hamını narahat edir. Vəziyyətə inzibati resurslarla nəzarət etmək olduqca çətindir. Sadəcə, Siz öz sadiq müştərilərinizlə daha yaxın olmalı, onlarla əlaqələri kəsməməli və onlara empatik yanaşmalısınız. Belə olduqda, köhnə sığortalılarınız kənar müraciətlərə uymaz və sizinlə əməkdaşlığı davam etdirərlər. O ki qaldı məlumatların sızmasına, bunun mənbələrindən biri də şirkətdən “küsüb” getmiş agentlərin (subagentlərin) hərəkətləri ola bilər. Çalışmaq lazımdır ki, agentlər mənən sığortaçıya daha çox bağlı olsunlar və onu tərk edib getməsinlər.
“İşçilərinizi elə inkişaf etdirin ki, onlar hər zaman harasa getməyə hazır olsunlar, lakin onlarla elə davranın ki, heç yerə getmək istəməsinlər.” Riçard Branson
Mən öz təcrübəmdə belə bir halla qarşılaşmışam: Adına sığorta müqaviləsi rəsmiləşdirilmiş mülkiyyət sahibi vəfat etmişdir. Lakin o, öldükdən sonra, ya bilərəkdən, ya da səhlənkarlıqdan mülkiyyət sənədləri yeni sahibin və ya hüquqi vərəsənin adına rəsmiləşdirilməmişdir. Sonradan bu, nə kimi problem yarada bilər?
Maraqlı tərəflər sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində riskdə baş verən hər hansı bir dəyişiklik barədə sığortaçıya mütləq məlumat verməlidir. Bu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.2-ci maddəsinə əsasən sığortalının başlıca vəzifələrindən biri kimi göstərilmişdir: “Sığortalı tərəfindən ... , müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə ... məlumatları və müvafiq sənədləri sığortaçıya təqdim etmək”. Konkret indiki halda sığortalı vəfat etdiyindən, bu işi həmin mülkiyyətin sığortalanmasında marağı olan digər şəxslər etməli idi. Hər bir halda sığorta marağının olması əsas şərtdir və bu, qanunla və ya digər hüquqi sənədlə təsdiq edilməlidir. Gələcəkdə sığorta hadisəsi baş verərsə, sığorta ödənişi vəfat etmiş şəxsin qanuni vərəsələrinə (hüquqi şəxs olduqda, hüquqi varislərinə) ödənilir, bu zaman bütün hüquqi sənədlər qaydasında olmalıdır.
Sığorta agentləri sığorta haqlarını sığortalıdan nağd şəkildə qəbul edə bilərlərmi?
Xeyr. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.2-ci maddəsinə əsasən həm sığorta haqlarının qəbulu, həm də sığorta ödənişləri nağdsız şəkildə həyata keçirilir.
Müqaviləyə xitam vermə proseduru necədir?
-Avtomobil satılarkən, qüvvədə olan icbari sığorta müqaviləsinə xitam vermək üçün sığortalı vaxtilə həmin müqaviləni bağlamış sığorta şirkətinə müraciət etməlidir. Bu məqsədlə o, şəxsiyyəti təsdiq edən sənədlə sığorta şirkətinin ofisinə yaxınlaşmalı və müvafiq istəyini bildirməlidir. Bundan sonra sığorta şirkətinin əməkdaşı satılan avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan və müraciət edənin adına rəsmiləşdirilmiş icbari sığorta müqaviləsinə xitam verir. Beləliklə, avtomobili satan şəxs, həmin avtomobilin yeni sahibinin gələcəkdə törədə biləcəyi yol qəzalarına görə cərimə əmsallarından (Maluslardan) özünü qorumuş olacaqdır.
Yaşıl Kart sığorta müqaviləsi olan sığortalı xaricdə qəza törətmiş, yəni 3-cü şəxsin əmlakına zərər vurmuşdur. Bu halda sığorta məbləği hansı həcmdə olmalıdır?
Müvafiq fəaliyyət qaydalarına əsasən xaricdə vurulan zərər üçün sığorta məbləği kimi zərər vurulmuş ölkənin qanununa uyğun müəyyən edilmiş sığorta məbləğlərinin və Azərbaycan Respublikasının müvafiq qanununda nəzərdə tutulmuş sığorta məbləğlərinin böyük olanı götürülür. Məsələn: Deyək ki, Yaşıl Kart müqaviləsi olan Azərbaycanlı sığortalı Yunanıstan ərazisində qəza törətmiş və 3-cü şəxsin avtomobilini əzmişdir. Fərz edək ki, Yunanıstan qanunvericiliyinə görə əmlak zərəri üzrə limit 2500 dollar təşkil edir. Belə olan halda həmin sığorta hadisəsinə görə sığorta ödənişi Azərbaycan Respublikasıın qanunvericiliyinə əsasən veriləcəkdir. Belə ki, bizdə bu limit təxminən 3000 dollardır. Əgər oxşar hadisə və zərər, əksinə, deyək ki, Niderlandda baş vermişdirsə, təbiidir ki, bu ölkənin qanunvericiliyi ilə sığorta məbləği yüksək olduğu üçün həmin ölkənin qanununa uyğun müəyyən edilmiş məbləğ əsas götürüləcəkdir.
Evakuatorla cərimə meydançasına daşınan avtomobilə ziyan dəydikdə, sığortalının iddiası necə tənzim edilməlidir?
- Bu halda günahkar tərəf dəyən zərərin əvəzini ödəməlidir. 3-cü şəxs qarşısında müvafiq mülki məsuliyyət sığortası müqaviləsi olduqda, dəyən zərər sığortaçı tərəfindən ödənilir. «Yol hərəkəti haqqında» Qanunun 85-ci maddəsində də bu duruma aydınlıq gətirilir. Belə ki, nəqliyyat vasitəsi qanunsuz saxlanıldıqda (cərimə meydançasına aparıldıqda), yaxud lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulduqda, onun sahibi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
Qeyri-rezident şəxslər ölkə ərazisində müəyyən müddətə qalmalı olduqda onların avtomobillərinə münasibətdə icbari mülki məsuliyyət sığortası necə rəsmiləşdirilməlidir? Başqa sözlə, qeyri-rezident fiziki şəxs sığortalı qismində çıxış edə bilərmi?
Qeyri-rezident fiziki şəxs Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmışsa, hər hansı sığorta obyektinin sığortalanmasında sığorta marağı vardırsa və sığorta haqqı ödəyirsə, o zaman o, sığorta müqaviləsinin tərəfi ola və sığortalı qismində çıxış edə bilər. Lakin qeyri-rezidentlərlə bağlı hallar fərqli ola bilər. Bu hallardan bəzilərini nəzərdən keçirək:
1) Ölkə ərazisinə öz avtomobilləri ilə daxil olan qeyri-rezidentlər beynəlxalq statuslu Yaşıl Kart sığorta müqaviləsi təqdim etdikdə, onlarla hər hansı bir icbari sığorta müqaviləsinin bağlanması tələb oluna bilməz;
2) Ölkə ərazisinə öz avtomobilləri ilə daxil olan qeyri-rezidentlər beynəlxalq statuslu Yaşıl Kart sığorta müqaviləsi təqdim etmədikdə, onlarla sərhəd sığorta müqaviləsi bağlanılmalıdır;
Ölkə ərazisinə daxil olarkən avtomobilsiz olub, Azərbaycan Respublikasında qanuni yolla avtomobil əldə edən və DMX-də qeydiyyata alınmış qeyri-rezidentlərlə standart sığorta müqaviləsi bağlanılmalıdır.