Qanunvericiliyə görə fərdi sahibkarlar məcburi sosial sığorta (MDSS) haqqını minimum əməkhaqqına nisbətən müəyyən faizlə hesablayıb ödəməlidirlər. Bu faiz fərdi sahibkarın fəaliyyət göstərdiyi sektora görə dəyişir. Mövzunu iqtisadçı ekspert Radil Fətullayev şərh edir.
Qanuna əsasən, tikinti sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 50 faizi miqdarında, mülki-hüquqi xarakterli müqavilələrlə işləyən (fərdi sahibkarlar istisna olmaqla) şəxslər üzrə hesablanmalı MDSS ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında; xüsusi notariuslar minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında; müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında; vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında MDSS-yə cəlb edilməlidir.
Yuxarıda göstərilən hesablama fərdi sahibkarın gəlir əldə etdiyi (fəaliyyəti olduğu) ay üzrə hesablanır. Əgər sahibkar hər hansı bir ayda gəlir əldə etməyibsə, o zaman MDSS ödməyə ehtiyac yoxdur. MDSS faizləri Bakı şəhərində və regionlarda aşağıdakı şəkildə tətbiq olunur:
Bölgələr |
Tikinti sahəsində (minimum aylıq əməkhaqqının 50 faizi) |
Digər sahələrdə (minimum aylıq əməkhaqqının 25 faizi) |
Bakı şəhərində-100% |
125 manat (250 x50% x100%) |
62.5 manat (250x25%x100%) |
Sumqayıt və Gəncə şəhərlərində-90% |
112,50 manat (250 x50% x90%) |
56,25 manat (250x25% x 90%) |
Digər şəhərlərdə-80% |
100 manat (250x50% x 80%) |
50 manat (250x25%x80%) |
Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə- 60% |
75 manat (250x50x60%) |
37,5 manat (250x25x60%) |
Kənd yerlərində -50% |
62,50 manat (250x50%x50%) |
31,25 manat (250x25%x50%) |
Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün aylıq MDSS haqqı isə aşağıdakı qaydada hesablanır:
• Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;
• Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;
• Çəkməçi, pinəçi – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
• Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
• Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
• Nəqqaşlıq emalatxanalarının fəaliyyəti – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
• Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
• Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
Qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur.
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
- Digər şəhər və rayonlarda – 1,0.
Mülkiyyətində kənd təsərrüfatına yararlı torpağı olan və onu istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatları əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Belə ki, bu zaman MDSS torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanmalıdır:
- 5 hektaradək olduqda – minimum aylıq əməkhaqqının 2 faizi miqdarında;
- 5 hektardan 10 hektaradək olduqda – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında;
- 10 hektardan yuxarı olduqda – minimum aylıq əməkhaqqının 10 faizi miqdarında.
Qeyd edək ki, mülkiyyətində torpaq sahəsi olan şəxs eyni zamanda digər sahələrdə də işləyib MDSS ödəyirsə, bu ödəməyə cəlb olunmurlar. Bundan əlavə, I və II dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar və pensiya yaşına çatmış şəxslər də MDSS-yə cəlb olunmurlar.
Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri isə minimum aylıq əməkhaqqının 6 faizi miqdarında MDSS ödəməlidirlər.