SIĞORTA

09 İyul

Azərbaycanda aqrar sığorta ekspertlərinin mövcudluğu və onların maaşları

“Ölkədə fəaliyyət göstərən aqronomlar, baytarlar, zootexniklər və əlaqəli ixtisasların sahibləri müstəqil ekspert ola bilərlər”.

Bunu Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

O bildirib ki, Aqrar sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisəsinin ilkin rəyinin verilməsi, qiymətləndirilməsi müstəqil ekspertlər tərəfindən həyata keçirilir.

“Ölkədə fəaliyyət göstərən aqronomlar, baytarlar, zootexniklər və əlaqəli ixtisasların sahibləri müstəqil ekspert ola bilərlər. Bunun üçün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar təşkil olunur, o imtahanları uğurla keçən şəxslərə Aqrar Sığorta Fondunda təlim keçilir və Mərkəzi Bank tərəfindən sertifikat verilir. Bundan sonra həmin şəxslər bizimlə əməkdaşlıq edə bilərlər”.

F.Sadıqov indiyədək neçə müstəqil ekspert hazırlandığını da deyib:

"Namizədlərin sayı 100-ə yaxın idi, 14 nümayəndə imtahanları uğurla başa vuraraq müstəqil ekspert sertifikatı alıb. Bu, ilkin olaraq yaxşı nəticə olsa da, özü-özlüyündə kiçik göstəricidir. Yəni, 14 müstəqil ekspert ölkə miqyasında aqrar sığortanın ehtiyaclarını ödəməyə kifayət etmir. Artıq yeni imtahanlar keçirilir və düşünürük ki, ilin sonunadək bu rəqəmi 50-yə çatdıra biləcəyik. Müstəqil ekspert peşəsi kifayət qədər gəlirlidir. Yəni, ay ərzində hadisələrin qiymətləndirilməsi, sığorta müqaviləsinin bağlanıb-bağlanmaması və rəyinin verilməsi nəticəsində ortalama 800-900 manat vəsait əldə edə bilərlər. Özü də bu şəxslər dövlət və ya özəl sahədə işləyərək, öz əsas iş yerlərin saxlayaraq bu fəaliyyətlə məşğul ola bilərlər".