İqtisadi Araşdırmalar və Tədris Mərkəzi vergi və sığorta ödənişlərinin uçotunu asan üsulla öyrənmək və tətbiq etmək məqsədilə “Vergi və sığorta ödənişlərinin uçotu” adlı yeni vəsait hazırlayıb.
Nəzəri və praktiki tapşırıqları əhatə edən kitabın nəzəri hissəsi 12, praktiki hissəsi isə 7 fəsildən ibarətdir. Buraya “Vergi və sığorta ödənişləri haqqında anlayışlar”, “Fiziki şəxsin gəlir vergisi”, “Sadələşdirilmiş verginin uçotu”, “Mənfəət (gəlir) vergisinin uçotu”, “Əlavə dəyər vergisinin uçotu” və s. kimi fəsillər daxildir.
Kitabda vergilərin bütün növləri üzrə əsas əməliyyatların uçotu və bəyannamələrdə əks etdirilməsi üsulları haqqında zəruri izahatlar verilib. Yeni vəsait mühasiblər ilə bərabər, vergi mütəxəssisləri, auditorlar, iqtisadçılar, müəssisə rəhbərləri və ixtisası öyrənmək istəyən tələbə, magistr, aspirant və dissertantlar üçün faydalı ola bilər. Kitabdan sərbəst formada və ya müəllimlə təlimlərin keçilməsi zamanı dərs vəsaiti kimi istifadə etmək də mümkündür.
Vergi uçotu aparan mühasiblər uçot və hesabatın dəqiqliyini yoxlamaq məqsədilə vergi orqanı tərəfindən göndərilən audit yoxlamalarına hər zaman hazır olmalıdırlar. Bunun üçün mühasiblər rəsmi mühasibat qaydalarını, o cümlədən sənədləşmələrin aparılması qaydalarını, mülki qanunvericiliyin müddəalarını yaxşı bilməlidirlər. Çünki müəssisədə bəzən elə maliyyə əməliyyatları baş verir ki, həmin əməliyyatları hüquq müstəvisinə gətirmək zərurəti yaranır. Bu baxımdan yeni kitab mühasiblərə və vergi mütəxəssislərinə yaxından kömək edəcək.
“Vergi və sığorta ödənişlərinin uçotu” kitabı hər bir vergi növü üzrə mühasiblərin təcrübədə ən çox rast gəlinən məsələlərinin uyğun ardıcıllığı ilə yazılıb.
Kitabı əldə etmək üçün (077) 233-30-29 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.