“PAŞA Sığorta” ASC bəyan edir ki, sığorta ödənişindən əsassız imtina edilməsi barədə kütləvi informasiya vasitələrində yayılan xəbərlər həqiqəti əks etdirmir.
Şirkətdən bildirilib ki, bir neçə gün öncə mətbuatda “AVVA” Mağazalar şəbəkəsinə yanğın nəticəsində dəyən zərərin “PAŞA Sığorta” şirkəti tərəfindən zərərçəkən Əsgərov Mahir Novruz oğluna ödənilməməsi barədə yayılan məlumata şirkətdən gələn rəsmi cavabda bildirilir ki, zərərçəkən dəymiş zərərin tam və obyektiv dəyərləndirilə bilməsi üçün tələb edilən rəsmi sənədləri tam şəkildə sığorta şirkətinə təqdim etmədiyi üçün cari tarixə qədər müştəriyə zərər təminatı ödənilməmişdir.
Sığortalı Əsgərov Mahir Novruz oğlundan daşınar əmlakın ona məxsus olduğunu təsdiq edən rəsmi sənədlər tələb olunarkən sığortalı əmlakı Türkiyə Respublikasından idxal etdiyini bildirmişdir. Təqdim etdiyi sənədlərdən isə belə məlum olmuşdur ki, geyim malları ölkə xaricindən ayrı-ayrı şəxslər tərəfindən idxal edilmişdir. Belə olan halda, sığortalı və sığortaçı arasında bağlanmış müqaviləyə əsasən, bu sənədlər əmlakın zərəçəkən şəxsə məxsus olduğunu təsdiq edən rəsmi sənəd hesab olunmadığı üçün “PAŞA Sığorta” şirkəti tərəfindən Əsgərov Mahir Novruz oğluna sığorta ödənişi ödənilə bilməyəcəyi haqqında məlumat verilmişdir.
Bu bildirişdən sonra Əsgərov Mahir Novruz oğlu öz izahatını dəyişərək daşınar əmlakı xarici bazardan deyil, daxili bazarda fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsdən əldə etdiyini bildirmişdir. Bu halda müştəridən elektron-qaimə faktura tələb edilmiş, lakin müştəri cari tarixə qədər tələb edilən sənədi təqdim etməmişdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, sığortalıya yenidən müraciət edilərək geyim əşyalarının alışını təsdiq edən elektron qaimə-fakturaların “PAŞA Sığorta” ASC-yə təqdim edilməsi tələb olunmuşdur.
Sığorta ödənişinin ödənilməsi üçün tələb edilən bütün sənədlər sığortalı tərəfindən tam təqdim edilmədiyindən, sığorta ödənişi həyata keçirilməmişdir. Bu barədə dəfələrlə sığortalı Əsgərov Mahir Novruz oğluna və onun vəkilinə məlumat verilmiş, rəsmi bildirişlər göndərilmişdir.