SIĞORTA

11 İyun

PAŞA Həyat və ADA Universiteti arasında Əməkdaşlıq memorandumu imzalanıb

Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat” ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair memorandum imzalayıb.

10 iyun 2021-ci il tarixində imzalanmış memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, təhsil keyfiyyətinin və tələbələrin peşə fəaliyyətinin yaxşılaşdırılması, bu məqsədlə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır.

Bundan əlavə, şirkət tərəfindən müəyyənləşdirilmiş xidmət kateqoriyaları üzrə bilik və bacarığa malik olan və müvafiq tələbləri qarşılayan tələbələrin sertifikasiyalarına dəstək verilməsi planlaşdırılır. Müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi və şirkət əməkdaşlarının Universitetdə təşkil edilən tədbirlərə qonaq çıxışçı qismində dəvət edilməsi  də faydalı əməkdaşlığa töhfə verəcək.

Əməkdaşlıq sazişini “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar. Sözügedən əməkdaşlıq 5 illik müddəti əhatə edəcək.

“Qabaqcıl şirkətlərlə əməkdaşlıq münasibətlərini daim genişləndirən ADA Universiteti bu təşəbbüslə yeni bir məhsuldar əməkdaşlığa start verdi. Azərbaycanın sağlam gələcəyi naminə yüksəkixtisaslı kadrların yetişdirilməsi üçün “PAŞA Həyat Sığorta” ilə imzaladığımız Əməkdaşlıq memorandumu bu istiqamətdəki fəaliyyətimizi sürətləndirəcək”.”– deyə İcraçı prorektor Fariz İsmayılzadə bildirib.

“PAŞA Holdinq ölkə iqtisadiyyatının inkişafında lokomotiv rolunu oynayır. Holdinq müasir idarəetmə prinsiplərini rəhbər tutaraq “Agile” metodologiyasını təbliğ edir.

Sürətli şəkildə inkişaf edən şirkət olaraq deyə bilərəm ki, xüsusi kadrlara mütəmadi ehtiyac yaranır və bu səbəbdən də düşünürük ki, məhz ADA Universitetinin tələbələri bu ehtiyacı qarşılaya biləcək. Potensial kadrları üzə çıxararaq yerli bazara və ölkə iqtisadiyyatına töhfə verə biləcəyik.” – deyə Niyaz İsmayılov vurğulayıb.