SIĞORTA

09 İyun

Qənirə Paşayeva sığorta şirkətini tənqid edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ötən gün plenar iclasda bəzi məmurların ünvanına etdiyi sərt çıxışa aydınlıq gətirib.

Millət vəkili sosial şəbəkədə paylaşım edib. 

Deputat bildirib ki, onun tənqid etdiyi məmur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nazir Sahil Babayev deyil:

“Bu, tam yanlış qənaətdir. Çünki nazir Sahil Babayevə və nazirlik rəsmilərinə vətəndaşlarımızla bağlı etdiyimiz müraciətlərə hər zaman çox qısa zamanda cavablar verilib və onlar operativ şəkildə hər zaman məsələni nəzarətə götürüblər.

Mənim qaldırdığım məsələ 1992-97-ci illərdə ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərin iştirakçısı olarkən yaralanmış və sonradan sağlamlıqlarına dəymiş zərərə görə əlillik təyin olunmuş bir qrup müharibə əlili vətəndaşlarımızla bağlı olub. Bu kateqoriyadan olan bəzi vətəndaşlarımız bizə müraciət edərək onlara ödənməli olan sığorta pulu ilə bağlı məhkəmə qərarlarının olmasına baxmayaraq, hələ də ödənişin gerçəkləşmədiyini və bu məsələdə dəstək göstərilməsini xahiş ediblər.

Dövlət Sığorta Kommersiya qurumundan (Azərsığorta) bu barədə soruşduqda bildirirlər ki, məsələnin həlli Mərkəzi Bank və Maliyyə Nazirliyinin diqqətindədir.

“Amma nə zaman məhkəmə qərarı icra ediləcək?” sualımıza “Azərsığorta” rəsmilərindən nə vətəndaş, nə də biz konkret cavab ala bilirik. Ümid edirəm ki, əlində məhkəmə qərarı olan 600 -dən çox müharibə əlilinin ciddi narahatlığına adıçəkilən qurumlar çox qısa zamanda aydınlıq gətirib problemi həll edəcəklər”.