SIĞORTA

12 İyul

Bir neçə yerdə işləyən şəxsin bütün maaşlarından sığorta pulu tutulmalıdırmı? - Ekspert cavablandırır

Vətəndaşları icbari tibbi sığorta ilə bağlı maraqlandıran suallardan biri də, bir neçə yerdə çalışan işçinin hər bir əmək haqqından tutulmaların olunmasıdır. Əslində bu hal doğrudur, yoxsa yox – bu sualla sığorta eksperti İlkin İbrahimov Fins.az-a cavab verib.

“İcbari tibbi sığorta sosial layihədir. Sosial layihə hər kəsi əhatə etmək baxımından ədalətliliyi özündə əks etdirir. Bu o deməkdir ki, hər kəs - işləyən, işləməyən, pensiyaçı, 18 yaşı çatmayan şəxs də icbari tibbi sığortadan istifadə edə bilər. Amma sığorta yığımları zamanı fərqlər ola bilər. Bu da özündə ədalətliliyi əks etdirir”, - ekspert bildirir. 

Konkret suala gəlincə, İ.İbrahimov Tibbi Sığorta haqqında Qanunda göstərilir ki, işləyən işçinin əmək haqqından 2021-ci il üçün 1 faiz işəgötürəndən, 1 faiz də işçidən tutulduğunu qeyd edərək bildirdi: 

“Vətəndaş bir neçə yerdə işləyirsə, yenə də eyni qaydada işəgötürən və işçi eyni faizdə ödəniş etməlidir. Bəzi hallarda vətəndaşlar bunun ədalətsiz yanaşma olduğunu qeyd edirlər. Əsaslandırırlar ki, bir adamdan bir neçə dəfə sığorta haqqı tutulsa da, ona az ödəyənlə eyni qədər tibbi xidmət göstərilir. Amma nəzərə almaq lazımdır ki, yığılan pulların digər hissəsi də dövlət büdcəsindən transferlərdir. Yəni, vətəndaşın bir və ya beş uşağı olsa da, onlara 18 yaşına kimi pulsuz tibbi xidmət göstəriləcək”.

Tuncay Türbəndəzadə