SIĞORTA

26 May

Aqrar sığorta ilə bağlı yeni animasiya rolikləri hazırlanıb - VİDEO

Azərbaycanda ilk dəfə tətbiq edilən dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi barədə əhalini və fermerləri məlumatlandırmaq məqsədilə animasiya rolikləri hazırlanıb.

Roliklərdə əkin sahələri və heyvanların sığortalanması proseduru və hadisə baş verdiyi halda ödəniş prosesi şərti personajların köməyi ilə izah edilir.

Birinci rolikdə əkin sahələri və heyvanların sığortalanması proseduru, ikinci rolikdə isə sığorta hadisəsi baş verdiyi halda sığoğrta ödənişinin verilməsi prosesi təsvir olunur.

Fermerlər və təsərrüfat sahibləri şəxsiyyət vəsiqəsi ilə Aqrar Sığorta Fonduna və vasitəçi sığorta şirkətlərinə müraciət etməklə heyvanlarını və əkin sahəsini sığorta edə bilər.

Bu zaman hesablanmış sığorta haqqının yalnız 50%-ni fermer ödəyir, qalan 50%-ni fermerlərə dəstək məqsədilə dövlət özü ödəyir.

Sığortalanmaq üçün əsas tələb - təsərrüfatın Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməsidir.

Sığorta hadisəsi baş verdikdə fermerlər müəyyən edilmiş müddətdən gec olmayaraq Aqrar Sığorta Fonduna və ya vasitəçi sığorta şirkətlərinə, eləcə də qanunvericiliyə uyğun olaraq müvafiq dövlət qurumlarına müraciət etməlidirlər.

Hadisə ilə bağlı tələb olunan sənədlər toplandıqdan sonra 7 gün ərzində fermerə sığorta ödənişi verilir. 

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi 2020-ci ilin noyabrında fəaliyyətə başlayıb.

Aqrar sığorta çərçivəsində 1 növ kənd təsərrüfatı heyvanı (südlük inək və camışlar) və 14 bitki (buğda, arpa, çəltik, qardığalı, çay, tütün, pambıq, fındıq, şəkər çuğunduru,  kartof, limon, naringi, portağal) sığortalamaq mümkündür.

Qarşıdakı aylarda sığortalanan bitki növlərinin və kənd təsərrüfatı heyvanlarının siyahısının genişlənməsi nəzərdə tutulur.